Müvəffəqiyyətin qazandırdığı uğur

“Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib”.

 Qədim yunan filosofu Aristotelin bu fikirlərində müəllimin necə əvəzolunmaz, cəmiyyətə nə qədər gərəkli bir şəxsiyyət olduğu tam mənası ilə öz əksini tapır. Bəli, bu, həqiqətdir: valideyn övladı üçün nə qədər dəyərlidirsə, ona həqiqi səadət yolunu tapmaqda yol göstərən müəllimi də o tutumda qiymətlidir. Çünki müəllim hər bir şagirdə qayğı ilə yanaşır, biliyinin gücü, zəkası ilə onun savadlanmasına, təhsilli olmasına can atır. Və bu istiqamətdə ömrünü, həyatını sərf edir…

Həmişə savadlı dünyagörüşlü, təhsilli nəsil yetişdirmək, hər bir fərdi mükəmməl şəxsiyyət kimi formalaşdırmaq üçün daim mübarizə aparmış elm fədailərimiz – müəllimlər xalqımızın bu çətin günlərində də müqəddəs vəzifələrini yerinə yetirirlər – koronavirus səbəbindən yaranmış vəziyyətlə əlaqədar  “Evdə qal” aksiyası çərçivəsində şagirdlərə təmənnasız olaraq onlayn dərslər keçir, onların dərsdən geri qalmaması üçün bilik və bacarıqlarını əsirgəmirlər.

İbtidai sinif müəlliməsi, kurikulum təlimçisi Zərxanım Piralıyeva da məhz belə xeyirxah, savadlı, istedadı ilə daim yeniliklərə can atan müəllimlərimizdəndir. O karantin şəraitində olduğumuz bir zamanda öz xeyirxah layihəsi ilə təhsilə ehtiyacı olan uşaqları sevindirməyi bacarıb. İndi o, öz sinfindən əlavə, 30 nəfər şagirdə onlayn şəkildə dərs deyir. Ən əsası da odur ki, Zərxanım müəllimə tələbələri də bu işə cəlb edib.

Məramı həmişə xeyirxahlıq olan, bir müəllim, savadlı kurikulum təlimçisi kimi bilik verdiyi müəllimlərin, şagirdlərinin əldə etdikləri müvəffəqiyyətdən uğur qazanan gənc müəllimə – Zərxanım Piralıyeva məlum səbəbdən praktikası yarımçıq qalmış tələbələrimizi də unutmur, onlara dərsin necə keçirilməsi metodunu öyrədir, praktikalarını davam etdirmələrinə dəstək verir.  

Məlumat üçün bildirək ki, Zərxanım müəllimə ilə birlikdə çalışan Şəbnəm Pirməmmədli Maqsud Məmmədov, Nilufər Ağazadə, Mədinə Abdullayeva, Gülnaz Tanrıverdiyeva, Təhminə Əliyeva, Fəxriyyə Qüdrətli, Aytac Abbasova, Ceyhunə Hüseynova Mingəçevir Dövlət Universitetinin, Zəhra Səfərova isə Bakı Slavyan Universitetinin tələbəsidir.

Sözügedən xeyirxah missiyaya Sabunçu rayonunun 28 saylı tam orta məktəbindən Leyla Qasımova, Bərdə rayon Bəcirəvan kənd tam orta məktəbindən Şəmistan Abdullayev, Şamaxının Talışnuru kənd məktəbindən Qahirə müəllimə də qoşulub.

Hazırda 670 nəfər şagirddən bilik və bacarığını əsirgəməyən Zərxanım müəlliməyə, eləcə də onun bu gözəl təşəbbüsünə qoşulan müəllim və tələbələrə yeni-yeni nailiyyətlər arzulayır, “qapınızı daim növbəti uğurlar, müvəffəqiyyətlər döysün!” deyirik. 

XALQ.AZ