“Müxalifətçiliklə, xəyanətkarlıq bir araya sığmaz”- Millət vəkili

“Müxalifətçiliklə, xəyanətkarlıq bir araya sığmaz. Bütün demokratik cəmiyyətlərdə müxalif partiyalar var. Azərbaycanda da həmçinin, 40-a yaxın partiya qeydiyyatdan keçib və bütün bunlar cəniyyətimizin saflığından, fikir plüralizmindən, demokratik dəyərlərə sadiqliyindən xəbər verir. Amma bəzi fürsətcillər bu yanaşmanı başqa istiqamətə yönləndirməyə çalışırlar. Tofiq Yaqublunun Azərbaycan, ölkəmizdəki bəzi qurumlar, eyni zamanda hakim partiya haqqında söylədikləri tənqiddən çox uzaqdır, daha çox təhqirdir ki, buna görə də qanunlar qarşısında cavab verməlidir. Onun fikirləri, iftira ilə dolu mövqeyi qəbuledilməzdir”. Bunu  Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Azərbaycan polisini ləkələmək, onu hörmətdən salmaq cəmiyyətdə nüfuzuna xələl gətirmək heç bir əndazəyə sığmır: “Əslində Azərbaycan polisi və onun rəhbərliyi dövlətçiliyinin qorunması, möhkəmləndirilməsi, əhalimizin təhlükəsizliyinin təmin edilməsi prosesində çox böyük işlər görür və bizim polisimiz həm də elə Tofiq Yaqublunu qoruyur. Bunu da polisi təhqir edən Tofiq Yaqublu gərək unutmasın. Bu gün Azərbaycan polisi Avropa polisi üçün də bir nümunədir. Avropada polislərin etiraz edən vətəndaşlara qarşı hansı şiddət tətbiq etdiyini biz yaxşı bilirik, hər gün izləyirik. Fransa, Belçika, Amerika polisi öz vətəndaşına qarşı rezin güllələrdən, itlərdən istifadə edir. Atların ayaqları altında onları tapdalayır. ABŞ-da polis hamının gözü qarşısında əlil vətəndaşı boğub öldürür, güllələyir. Bunlar şər-böhtan deyil və bunları Tofiq Yaqublu da televiziya ekranlarından dəfələrlə görüb. Amma Azərbaycan polisi isə bu nöqteyi-nəzərdən Avropa polisi və ABŞ polisi üçün də bir örnəkdir. YAP-la bağlı qərəzli fikirlərinə gəlincə, iqtidar partiyası 30 illik fəaliyyəti dövründə Azərbaycan cəmiyyətinin düşüncəsində – siyasi baxışlarında, fərdi və ictimai təfəkkürdə müsbət dəyişikliklər baş verməsinə vəsilə olub. Amma Tofiq Yaqublu kimi avanturist və onun təmsil olunduğu partiya hələ də 90-cı illərdə qalıb”.