Müzəffər Ali Baş Komandan İlham Əliyev tezliklə Qarabağı cənnətə çevirəcək

“Ali BAş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsini zəfərlə bitirdi. Bu qələbədən sonra Ali Baş Komandanın işğaldan azad edilən ərazilərimizə səfərlər edir. Belə ki, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Şuşa səfərlərindən sonra martın 15-də Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Xocavəndə, keçmiş Hadrut rayonuna, qədim yaşayış məskəni olan Tuğ, Azıx, eləcə də Edili, Düdükçü kəndlərinə səfər ediblər. Hesab edirəm ki, Prezident İlham Əliyevin Xocavənd, keçmiş Hadrut rayonlarına səfəri böyük və parlaq Zəfərin nümayişidir”.

Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova deyib.

Onun sözlərinə görə, Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ müharibəsi uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayanır: “Bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır. Ölkə başçısının işğaldan azad edilmiş ərazilərimizə səfərləri erməni vandallarının illərdir daşı-daş üstə qoymadıqları torpaqlarımıza yenidən həyat veriləcəyi, dağıdılmış şəhər, rayon, qəsəbə və kəndlərin abadlaşacağından xəbər verir. Qarşıdakı yaxın zamanda tarixi ədalətin bərpa edilməsi nəticəsində əsl sahibinə qaytarılan Qarabağda aparılan quruculuq işləri sayəsində bölgənin həyatında keyfiyyətcə yeni mərhələ başlayacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi “Böyük Qayıdış” keyfiyyətcə yeni bir həyata qayıdış olacaq”.

Deputat bildirib ki, Vətən müharibəsinin bitməsindən bir neçə ay vaxt keçməsinə baxmayaraq, Azərbaycan işğaldan azad olunmuş əraziləri sürətlə bərpa edir, orada infrastruktur layihələrini reallaşdırır:

“Səfər zamanı Prezident İlham Əliyevin Füzuli rayonundan Şuşaya qədər uzanan Zəfər yolu layihəsindən sonra Füzuli-Hadrut yolunun da təməli qoyuldu. Bu yol-nəqliyyat layihələri ilə yanaşı, yaxın zamanlarda Bərdə-Ağdam yolunun çəkilişi də icra ediləcək. Həmçinin, Horadizdən Zəngilana da yol çəkiləcək. Təbii ki, bu cür layihələrin həyata keçirilməsi işğaldan azad edilmiş ərazilərin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Əminəm ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tezliklə Qarabağı cənnətə çevirəcək.