“Nə ağsaqqal, mən prezidentliyə namizədəm!»

22

Özünü müdrik və ağıllı hesab etməyən Cəmil Həsənlidən ən yaxşı halda yarımçıq tarixçi çıxar

Prezident seçkilərində adətən namizədlər ağıllı, savadlı, dünygörüşlə və intellektual olmalıdırlar. Onlar xalqın qarşısına çıxaraq, platformalarını, görəcəyi işlərlə bağlı danışmalıdırlar. Amma Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərində iştirak edən bəzi namizədlər isə alim adını üzərinə götürsə də, alimlikdən və adət-ənənədən xəbərləri yoxdur. Ötən gün teledebatlardan birində çıxış edən özünü Milli Şura kimi təqdim edən qondarma qurumun namizədi Cəmil Həsənlini bu qəbildən hesab etmək olar. Çünki bu adam hələ də ağsaqqal və prezident anlayışlarını qavramaq gücündə deyil. Elə buna görədir ki, öz çıxışında «Nə ağsaqqal, mən prezidentliyə namizədəm» deyib. Cəmil Həsənli özünü tarixçi sayır və bu elmə görə dərəcəyə də sahibdir. Böyük ehtimalla o, Azərbaycan tarixini oxuyub və keçmişimizdən xəbəri var. Tariximizdə həmişə ağsaqqallıq institutları olub və bu gün də var. Və bundan sonra da olacaq. Çünki bu, xalqımızın adət-ənənəsi, qan yaddaşıdır. Ağsaqqal demək, böyüklük etmək, elinə-gününə sahib çıxmaq, yaşadığı arealdakı insanların problemlərini həll edən biri olmaq deməkdir. Ağsaqqal olmaq illər aparır və bu yaşa da baxmır. Çünki insanın fərdi keyfiyyətləri, onun biliyi, bacarığı və müdrikliyi ağsaqqal kimi yetişməsinə yardımçı olur. Cəmil Həsənli isə bu adət-ənənəni çoxdan unutduğu üçün, ağsaqqal anlayışını bir kənara qoyaraq, özünü başqa bir katiqoriyaya aid edir. Əvvəla, Cəmil Həsənli bir şeyi unudur ki, prezidentliyin özü belə ağsaqqallıq deməkdir. Çünki dövlətin başçısı elə rəhbəri olduğu dövlətin problemlərini həll etməli, hər bir fərdə qayğı ilə yanaşmalı, mövcud çətinlikləri aradan qaldırmalı, barışdırıcı mövqe tutmalıdır. Yəni, prezident olmaq elə ağsaqqal olmaq deməkdir. Amma Cəmil Həsənlinin məntiqinə görə, prezident olmaq ağsaqqal olmaqdan daha üstündür. Halbuki bu iki məsələ həmişə paralel olaraq hallanır. Bunun bariz nümunəsi kimi Ümummilli Liderimiz Heydər Əliyevi göstərmək olar. Ulu Öndərimiz həmişə ağsaqqallıq edərək, ölkənin problemlərini dinc və ədalətli şəkildə həlli üçün çalışıb. Qanın, qadanın, dəhşətin qarşısını məhz özünün müdrikliyi, biliyi və bacarığı ilə alıb. Bu gün də onun yolunu davam etdirən Cənab Prezident İlham Əliyev də məhz ağsaqqal kimi çıxış edərək, ölkənin problemlərinə kompleks yanaşır. Doğrusu, Cəmil Həsənli bu açıqlaması ilə etiraf edib ki, o müdrik deyil, ağlı da o səviyyədə deyil ki, ağsaqqallıq etsin. Eyni zamanda, o etiraf edib ki, hakimiyyət, vəzifə, prezident olmaq üçün alışıb-yananlardandır. Və məqsədi də hakimiyyətə gəlib, ölkəni barış və sülhlə deyil, qanla, cinayətlə idarə etməkdir. Daha böyüklük nümayiş etdirib, yaranmış problemləri aradan qaldırmaq onluq deyil. Bu gün Cəmil Həsənlinin ağlı 2003-cü ildə olduğu kimi qalıb. Həmin ilin prezident seçkilərində xalqı meydanlara çəkib, onları polislə üz-üzə qoyan, dükanları, maqazinləri, ayrı-ayrı obyektləri dağıdan, onların şüşələrini sındıran insanlarla birlikdə yenə eyni vəziyyəti yaratmaq üçün baş sındırır. Atalarımızdabelə bir misal var: «Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma». Cəmil Həsənli özünü ağsaqqal saymadığı üçün, onunla birlikdə oturmaq nə dərəcədə doğrudur? Bu adam bir tarixçi olaraq hələ də ağsaqqal anlayışının nə olduğunu bilmirsə, ölkəni necə idarə edəcək? Yenəmi 1992-ci ilə qayıdaq? Yenə bu inkişafın qarşısını alaq? Yenəmi ölkəni xaosa sürükləyək? Cəmil Həsənliyə gənc olaraq tövsiyyəm odur ki, gedib evində oturub, nəvələri ilə oynasın. Ondan özü dediyi kimi, nə ağsaqqal olar, nə də prezident. Ondan olsa, olsa ən yaxşı halda yarımçıq tarixçi olar ki, bu da belə onun üçün çoxdur.

  

Zaur Mirzə-zadə

 

Dünya Azərbaycanlıları İctimai mərkəzin sədri