Nəqliyyat sektorunun əhəmiyyəti artır.

Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir.
Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır.
Son illər ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə edilən dinamik inkişaf respublikamızın geosiyasi əhəmiyyətini xeyli artırmışdır. Bütün bunlarla yanaşı, qlobal iqtisadi məkanda cərəyan edən sosial-iqtisadi proseslərdə fəal iştirak etmək, xarici bazarlara səmərəli çıxış, rəqabət qabiliyyətli milli sənayeyə sahib olmaq kimi vacib vəzifələrin icrası zərurətə çevrilmişdir. Müasir dövrdə dünya gündəmini zəbt edən qloballaşma, sürətli inteqrasiya, davamlı inkişaf və s. məsələlər ölkəmiz üçün də xüsusi aktuallıq kəsb edir.
Bu gün ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var. Bu sektor məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı sahəsində fəaliyyət növlərini əhatə edir və bütün iqtisadi fəaliyyətlər məcmusunda inkaredilməz rola malikdir.
Dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi və inteqrativ proseslərin sürətlənməsi nəqliyyat sisteminin hər bir ölkənin milli iqtisadiyyatının əsas sütunlarından olduğunu təsdiqləmişdir. Nəqliyyat xidmətlərinin sosial-iqtisadi mahiyyətini aydınlaşdıran tədqiqatçılar bu sistemin geniş təkrar istehsalın mühüm şərti olduğunu çoxdan sübut ediblər. Bu baxımdan iqtisadiyyatda genişmiqyaslı köklü islahatların aparıldığı indiki şəraitdə nəqliyyatın xüsusiyyətlərini, iqtisadi və sosial proseslərin gedişində onun rolunu dəqiqliklə nəzərə alan siyasətin formalaşdırılması və həyata keçirilməsi çox vacibdir. Ona görə də nəqliyyat sisteminin davamlı inkişafı böyük həcmli kapital qoyuluşunu, çoxlu sayda iri nəqliyyat qovşaqlarının tikintisini və yenidən qurulmasını tələb edir.
Hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, bu gün respublikamızın yol təsərrüfatında yeniləşmə və müasirləşmə getdikcə dərinləşir, dövlətimizin gücünün və qüdrətinin artırılmasına, xalqımızın rifahının yüksəldilməsinə xidmət edən quruculuq proqramları uğurla reallaşdırılır.
Tikinti-quruculuq işləri ilə yanaşı, Bakı şəhərində sərnişindaşımaya yeni iritutumlu avtobuslar cəlb edilir, xidmətlərin keyfiyyəti artırılır, nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması istiqamətində ardıcıl işlər aparılır və s.. Əlbəttə, infrastruktur sahələrinin inkişafına vəsait ayrılması ölkənin ümumi iqtisadi dirçəlişinə xidmət edən əsas amillərdən biridir. O cümlədən, nəqliyyatın infrastruktur sahələrinin inkişaf etdirilməsi günümüzün aktual problemlərindən biri kimi, təcili həllini tələb edir. Nəzərə alsaq ki, yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda nəqliyyat vasitələrinin sayı sürətlə artır və ölkəmiz bir sıra iri beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşir, onda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinin zəruriliyi məlum olar.
“Avtomobil nəqliyyatı haqqında” mükəmməl bir qanunun qəbul edilməsi və qanunda daşıma prosesində iştirak edən bütün tərəflərin hüquq və vəzifələrinin dəqiq müəyyən olunması, Nəqliyyat Nazirliyinin strukturunda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yaradılması bu sahədə inkişafı daha da sürətləndirən, eləcə də nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahəsində mühüm addımdır. “Avtomobil nəqliyyatı haqqında” qanunda taksi, avtobus və yük avtomobillərinin istismar qaydalarının aydın şəkildə öz əksini tapması, ekoloji normaları tez-tez pozan iri nəqliyyat vasitələrinin texniki baxışdan keçirilmə qaydalarının təkmilləşdirilməsi, respublika üzrə avtovağzalların (avtostansiyaların) konkret və vahid quruluşunun müəyyənləşdirilməsi, bu sahədə lisenziyalaşdırma işlərinin təkmilləşdirilməsi və s. avtonəqliyyat xidmətləri sahəsində ciddi irəliləyişlərə səbəb olacaqdır. Təbii ki, hər bir sahədə səmərəli fəaliyyətin təşkili, ilk növbədə müvafiq normativ-hüquqi bazanın yaradılmasını tələb edir. O cümlədən, bütün insanların gündəlik istifadə etdiyi və daha geniş yayılmış nəqliyyat növü olan avtomobil nəqliyyatı haqqında belə bir qanunun qəbul edilməsi istər nəqliyyat xidmətinin keyfiyyətinin yüksəldilməsi, istərsə də avtonəqliyyat xidmətinin gündəlik istifadəçısi olan sadə vətəndaşlara dövlət qayğısının bir nümunəsi kimi baxmaq olar. Qanunun qəbul edilməsi avtomobil nəqliyyatının fəaliyyətinin səmərəli təşkilinə hesablanmış bir addımdır.
Göründüyü kimi, ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğı nəticəsində iqtısadiyyatın bütün istiqamətlərində, o cümlədən nəqliyyat sistemi və onun infrastruktur sahələrinin də sürətli inkişafı üçün böyük imkanlar yaranmışdır.
Regional əməkdaşlığın aparıcı qüvvəsinə çevrilən Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında yerini və rolunu möhkəmləndirir. Əvvəlcə regional çərçivədə qurulan əməkdaşlığın illər keçdikcə ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmlənməsi fonunda coğrafiyası genişləndi, beynəlxalq miqyas aldı. Ümumilikdə hər bir ölkənin inkişafında yol infrastrukturunun rolunu nəzərə alsaq, bu gün bu fikri böyük əminliklə qeyd edə bilərik ki, yol-nəqliyyat sistemimiz beynəlxalq standartlara cavab verir. Yol infrastrukturunun təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyi düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb.
2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.
İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək. Şərqlə Qərb arasında körpü olan Azərbaycanın sivilizasiyalararası dialoq mərkəzinə çevrilməsi üçün yeni istiqamətlər artıq bəllidir. Sənəddə qeyd olunduğu kimi, mərhələ üzrə həyata keçiriləcək vəzifələr 2030-cu ilə qədər Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə, qüdrətli dövlətə çevrilməsinə etibarlı zəmanətdir. Qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyevin quruculuq və bərpa işlərinin əsas tərkib hissəsi kimi öncə yol-nəqliyyat infrastukturunun bərpasına xüsusi diqqət göstərməsi diqqətdən yayınmır. Füzulidə Zəfər yolunun və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi bunun bariz nümunəsidir. Dövlət başçısının tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfəri 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu. Bu səfər zamanı ölkə Prezidenti Zəfər yolunun çəkilişi ilə bağlı göstəriş vermişdi. Ötən ilin sonlarında yolun çəkilişi başa çatdı. Zəfər yolu ötən bu dövrdə 30 il torpaq həsrəti ilə yaşayan, Qarabağın tacı Şuşaya qayıtmaq istəyinin reallığa çevriləcəyi günü səbirsizliklə gözləyən soydaşlarımızı musiqi beşiyimizlə qovuşdurur.
Prezident İlham Əliyevin bu müddət ərzində işğaldan azad olunmuş rayonlara tarixi səfərlərinə diqqət yetirsək, yol infrastrukturu ilə bağlı atılan addımların, təməlqoyma, yaxud açılış mərasimlərinin şahidi olarıq. Həmin bölgələrin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək üçün yol infrastrukturunun bərpası prioritetdir. Davamlı və yüksək iqtisadi artımın sosial islahatların həllinə yönəldilməsi istiqamətində Azərbaycanın malik olduğu təcrübənin şaxələndirilməsi qarşıdakı illərdə də davam etdiriləcək. Beynəlxalq aləmdə özünü doğruldan yeniliklərdən ölkə vətəndaşlarının bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyətin formalaşmasına diqqət artırılacaq. Regionların sosial- iqtisadi inkişafı Dövlət proqramlarında olduğu kimi, 2030-cu ilədək görüləcək işlərin xronologiyasını əks etdirən Milli Prioritetlərdə də paytaxtın və regionların tarazlı inkişafı üçün mühüm vəzifələr əksini tapır.
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə xüsusilə son vaxtlar nəqliyyat sektorunun əhəmiyyəti daha da artdığını, buna səbəbin bəzi məhdudlaşdırıcı tədbirlər olduğunu, məhz ona görə yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxartdığını və Azərbaycanın əlverişli coğrafi vəziyyəti, əlbəttə ki, bizim üçün əlavə imkanlar yaratdığını söyləyib. Ölkəmizdə nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparıldığını, ərazimizdə infrastrukturun demək olar tam modernləşdirildiyini deyən dövlətimizin başçısı vurğulayıb.

Zərinə Hümbətova— Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci