Nəsimi rayonu ötən ili uğurla başa vurub

 

Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilib. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Holiday Inn otelində keçirilən, 2016-cı ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsgəndər Səfərov bildirib ki, 51 minə yaxın sakinin yaşadığı və 2,39 kvadrat kilometr ərazini əhatə edən 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi nümayəndəliyi 2016-cı ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsanamə” yə və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının sərəncam və tapşırıqlarına əsasən həyata keçirilib. Hər il olduğu kimi, 2016-cı ildə nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotu kitabları yoxlanılmış, aparılmış qeydlər bir daha dəqiqləşdirilmiş və bu işlər il ərzində mütəmadi olaraq davam etdirilib.
3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyəti dövründə əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq, rayon İcra Hakimiyyəti başçısının sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışıb.
Ərazinin sanitar vəziyyəti, küçələrin süpürlməsi, məişət tullantılarının vaxtında daşınması daimi nəzarətdə saxlanılıb, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülüb.
Mənzil Kommunal İstismar Sahələri tərəfindən yaşayış binalarında təmirə ehtiyacı olan dam örtükləri, su axıdıcı borular, keçid meydançaları və pilləkən qəfəsləri cari təmir olunub.
Ölkə başçısının tapşırığına əsasən, fevral ayının 15-dən may ayının 2-nə qədər respublikanın bütün bölgələrində olduğu kimi,xidməti ərazidə də əhalinin pulsuz tibbi müayinədən keçirilməsi tədbirləri uğurla davam etdirilib.
Bununla əlaqədar inzibati ərazidə yaşayan sakinlər arasında təşkilati-izahat işləri aparılıb, 1, 3, 5 saylı poliklinikalarda tibbi müayinə xidmətləri təşkil edilib.
Hesabat dövründə vətəndaşların müraciətlərinə diqqət və qayğının artırılması, məsuliyyətli yanaşmanın təmin edilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən verilən tapşırıqların icrası daim nəzarətdə saxlanılıb. Vətəndaşların qəbulu müəyyən olunmuş qrafikə uyğun olaraq həyata keçirilib, qəbullarda qaldırılan məsələlərlə bağlı operativ tədbirlərin görülməsi, müvafiq izahatların verilməsi təmin olunub.
Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov bildirib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi kurs 2016-cı ildə böyük nailiyyətlərlə əlamətdar olub, ölkəmizdə daxili və xarici siyasətdə bir sıra mühüm uğurlara imza atılıb. Qeyd edib ki, başa vurduğumuz ildə bütün dünyada gedən mürəkkəb siyasi proseslərə, qlobal iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf davam edib, Prezident İlham Əliyevin balanslaşdırılmış və düşünülmüş siyasi-iqtisadi strategiyası sayəsində ölkənin dinamik inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, habelə, ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi, milli dövlətçilik maraqları təmin edilib. 2016-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib, qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir.
Asif Əsgərov bildirib ki, Bakı şəhərinin rayonlarının sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi işinə ötən il start verilib, Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov qardaşları və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə sakinlərin köçürülməsinə başlanılıb.
Yığıncaqda “Azintur” Səhmdar Cəmiyyətinin sədri Aydın Heydərov, rayon sakinlərindən Arzu Zeynalova , Rafiq Hacıyev, xalq artisti Ramiz Quliyev və başqaları çıxış edərək respublikada aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrinin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildiriblər.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.