Nəsimidə “Heydər Əliyev və təhsil” adlı tədbir keçirilib

Nəsimi rayonunda “Heydər Əliyev və təhsil” adlı tədbir keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, YAP Nəsimi rayon təşkilatının əməkdaşları, Ağsaqqallar Şurasının, İctimai Şuranın, rayon Bələdiyyəsinin üzvləri, rayonda fəaliyyət göstərən təhsil müəsisələrinin nümayəndələri, 2022/2023-cü tədris ilində yüksək bal toplamış məzunlar, valideyinləri və rayon ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra “Heydər Əliyev və təhsil” mövzusunda hazırlanmış video-çarx nümayiş olunub.

Heydər Əliyev ili çərçivəsində rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2022/2023-cü tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ali məktəblərə qəbul imtahanlarının uğurla başa çatdığını qeyd edərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti real şəkildə özünün müsbət təzahürünü göstərib: “Azərbaycan müstəqillik qazandıqdan sоnra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qоvuşması da məhz Heydər Əliyev dühası sayəsində gerçəkləşib.

Ümummilli liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrin əsaslı təmiri böyük vüsət alıb.

Eyni zamanda, ölkəmizdə təhsil infrastrukturunun yenilənməsinə Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da öz töhfəsini verir”.

Respublika fənn olimpiadasında Nəsimi rayonu üzrə 2022-2023-cü tədris ilinin yekunlarına görə 7 şagird uğur qazanmışdır . Onlardan 1 nəfəri 247 N-li tam orta məktəbin X sinif şagirdi Coğrafiya fənni üzrə I yer, 1 nəfəri Texniki Humanitar Liseyin XI sinif şagirdi Biologiya fənni üzrə II yer, 2 nəfəri 240 N-li tam orta məktəbin XI sinif şagirdləri Tarix fənni üzrə II yer, Riyaziyyat fənni üzrə III yer, 1 nəfəri 5 N-li tam orta məktəbin X sinif şagirdi İnformatika fənni üzrə III yer, 2 nəfəri Elitar Gimnaziyanın VIII, IX sinif şagirdləri Coğrafiya və Tarix fənnləri üzrə III yerə layiq görülmüşlər.

Daha sonra RİH tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş, qızıl və gümüş nişana layiq görülmüş məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan sosial qayğıya ehiyacı olan ailələrdən olan 500 nəfərdən artıq şagirdə məktəbli forması təqdim edilmişdir.

Sonda 2 nömrəli və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin müxtəlif musiqi nömrələri tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.