Nasaz maşın zəncirvari qəzaya səbəb oldu

2

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 39 cinayət faktı qeydə alınmış, onların da 14-ü “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələrilə axtarılan 6 nəfər isə tutularaq istintaq orqanlarına təhvil verilib. Bundan başqa respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb, 5 nəfər yaralanıb.

XALQ.AZ-ın məlumatına görə, nasaz avtomobilin yolun ortasında dayanması isə sonda zəncirvari qəzaya səbəb olub. Bakı-Sumqayıt yolunda qeydə alınan hadisə zamanı 3 minik avtomobili toqquşub.

Xırdalan dairəsindən metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət edən “Mercedes” markalı minik maşının mühərrik hissəsində nasazlıq yarandığından maşın yolun mərkəzində dayanıb. “Mercedes”lə eyni istiqamətdə hərəkət edən “Lexus”un sürücüsü nasaz maşını baxışından yayındırdığından əvvəlcə həmin “Mercedes”i, daha sonra isə “Nissan” markalı digər maşını da vurub.

Qəzanın təfərrüatları Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Postunda araşdırılır.