Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə olmuşdur.

 

Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət ulu öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir.
1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı.
Əfsuslar olsun ki, Heydər Əliyevin Azərbaycandan Moskvaya köçməsindən sonra bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da tənəzzül dövrü yaşanmışdı. Əldə edilmiş bütün uğurlar tədricən tənəzzül etmiş və muxtar respublika üçün çox ağır bir dövr başlamışdır. Biz o dövrü yaxşı xatırlayırıq. 1980-ci illərin sonları Naxçıvan üçün əsl sınaq dövrü idi.
Xoşbəxtlikdən yenə də Ulu Öndərin rəhbərliyi ilə naxçıvanlılar bu ağır sınaqdan şərəflə çıxa bilmişlər.
Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi.
Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. O vaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək Ulu Öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir.
Naxçıvanda dövlət çevrilişi cəhdi də olmuşdur. Biz bunu yaxşı xatırlayırıq. Bu, yaxın tarixdir. Ancaq yenə də Ulu Öndərin qətiyyəti, müdrikliyi, cəsarəti, naxçıvanlıların ona olan inamı bu ağır sınaqdan çıxmaq üçün bizə imkan yaratdı. O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Sovet Sosialist Muxtar Respublikası adlandırılırdı. O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Məclisi qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni, bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu Öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür. Naxçıvan bu ağır sınaqlardan çıxaraq inkişaf yoluna qədəm qoymuşdur.
Bizim müstəqilliyimiz ən böyük sərvətdir və hamımız yaxşı bilirik ki, XX əsrin əvvəllərində də Azərbaycan müstəqillik qazanmışdı. Ancaq biz o müstəqilliyi qoruya bilməmişdik. O müstəqilliyin ömrü müəyyən səbəblər üzündən uzun olmamışdır. Ancaq bu, reallıqdır və bundan da əlavə məhz o illərdə, müstəqillik illərində, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş qərara əsasən, bizim əzəli torpağımız olan İrəvan Ermənistana verilmişdir. Necə ki, ondan bir neçə il sonra bolşevik sovet hakimiyyəti Zəngəzuru ermənilərə vermişdir. Necə ki, ötən əsrin sonlarında Qarabağ işğal altına düşmüşdür. Görün bizim xalqımız nə qədər böyük faciələr yaşamışdır. Ancaq buna baxmayaraq, xalqımızın iradəsi sınmamışdır. Buna baxmayaraq, Azərbaycan bu gün inamlı inkişaf dövrünü yaşayır. Bu gün güclü Azərbaycan bölgə üçün, region üçün sabitləşdirici rol oynayır. Əminik ki, güclü Azərbaycan və güclənən Azərbaycan bizə öz ərazi bütövlüyümüzü bərpa etməyə və gələcəkdə bütün tarixi torpaqlarımıza qayıtmağa imkan verəcəkdir.
Çingiz Dadaşov
Nəsimi rayon sakini,
Demokratik İnkişafın Təşviqi İctimai Birliyinin sədri