“Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır” – Kamran Bayramov

“Son illər həyata keçirilən məqsədyönlü islahatlar, qəbul olunmuş ümummilli proqramlar, bir sıra infrastruktur layihələrinin uğurla reallaşdırılması ölkənin sosial-iqtisadi mənzərəsini əsaslı şəkildə dəyişmiş, gələcək inkişafa zəmin yaratmışdır. Azərbaycanda uğurla reallaşdırılan Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişməkdədir. Bölgələrlə paytaxt arasında fərqin minimuma enməsində və müsbət dinamikanın yaranmasında dövlət başçısının respublikanın hərtərəfli inkişafına göstərdiyi diqqət böyük rol oynayır. Prezident İlham Əliyev dəfələrlə bildirir ki, ölkəmizdə islahatlar prosesi davamlıdır.  İslahatlar bundan sonra da qətiyyətlə davam etdiriləcək.
Cari ilin iyunun 5-də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı uğurlu islahatların davamı olmaqla Naxçıvanın inkışafını əhəmiyyətli dərəcədə sürətləndirəcək.”

Bu fikirləri  Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının maraqları dayanır. Azərbaycan xalqı bunu görür və yüksək qiymətləndirir: «Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları xalq tərəfindən birmənalı olaraq dəstəklənir. Cənab Prezident daim vətəndaşlarla açıq şəkildə təmas quraraq, onların görmək istədikləri, arzu etdikləri məsələlərin həyata keçməsi üçün bütün tədbirlərin görüləcəyini əmin etməklə, insanlarda dövlətə olan dərin inamını daha da möhkəmləndirmiş olur. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir. Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaratmışdır. Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilmişdir. Bu isə öz növbəsində, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlərin, həmçinin kompleks proqramların hazırlanmasını və icrasının davam etdirilməsini nəzərdə tutur.”

“Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur» söyləyən Kamran Bayramov bildirib ki,  Ulu Öndər yüksək vəzifələrdə çalışdığı illərdə də heç vaxt Naxçıvanı unutmadı, qədim diyarı daim diqqət mərkəzində saxladı: «Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu il iyul ayının 14-dən sonrakı dövrdə ölkəmizin, o cümlədən Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul etdi. Prezident İlham Əliyev həmin dövrü belə dəyərləndirir ki, Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət  Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi. O cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı.”

Millət vəkili  əlavə edib ki, Azərbaycanda dəqiq hədəflərə hesablanmış iqtisadi inkişafın uğurla davam etdirilməsi onu deməyə əsas verir ki, növbəti ildə də ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlər oz həllini tapacaq.