Nazir əmr imzaladı – DOSYE

Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinə yeni müdir təyin edilib.

Bu haqda nazir Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov sözügedən vəzifəyə təyinat alıb.

Əbdülov Gündüz Əliş oğlu 1976-cı ildə Şuşa şəhərində anadan olub.

2000-ci ildə Türkiyə Respublikası Milli Müdafiə Universitetində “sistem mühəndisliyi” ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili almış, 2016-cı ildə Azərbaycan Respublikası Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib.

2000-ci ildən etibarən Azərbaycan Ordusunda “leytenant” hərbi rütbəsində hərbi xidmətə başlamış, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində “polkovnik” hərbi rütbəsinədək yüksəlmiş və 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb.

Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, daha sonra isə NATO-nun Brüsseldəki Qərargah Mənzilində Hərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi – Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirib.

2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsində təyin olunub. Bu vəzifədə çalışdığı müddət ərzində TƏBİB-in nəzdində yaradılmış COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Koordinasiya Qrupunun fəaliyyətinə və Vətən Müharibəsi dövründə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə TƏBİB tərəfindən həyata keçirilən tibbi xidmətin və təxliyənin təşkilinə rəhbərlik edib.

Azərbaycan Respublikası Prezidenti adından “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”,“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2003)” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley, “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, eləcə də Vətən Müharibəsi dövründə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalları ilə təltif olunub.

Ailəlidir, 4 övladı var.