Nazir: ” Bu layihə ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcək layihələrdən biridir”

İmişli rayonunda İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC-nin birgə investisiyası ilə reallaşdırılacaq pivəlik arpa emalı zavodu layihəsi ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcək layihələrdən biridir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.

Nazir qeyd edib ki, investisiya dəyəri 25 milyon manat olan müəssisə Azərbaycanda fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək: “Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyi tədbirləri davam edir”.