Nazir saxtakarlıq aşkarladı

4

 

“Azərbaycanda saxta yollarla ünvanlı sosial yardım alanlarla bağlı aparılan araşdırmalar zamanı 150 min manat məbləğində vəsait büdcəyə qaytarılıb. Bu fakt Ağdam rayonunda aşkarlanıb və 86 nəfərin həqiqətən qeyri-qanuni ünvanlı sosial yardım aldığı müəyyənləşdirilib”.
Xalq.az xəbər verib ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, Azərbaycanda ünvanlı sosial yardım alanların tam siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsində yerləşdirilib.

“Artıq bir sıra insanlar buna reaksiya veriblər. Belə ki, onların adları siyahıda olduğu halda heç bir yardım almayıblar və onlara ayrılan yardım başqaları tərəfindən mənimsənilib. Artıq buna görə məsuliyyət daşıyan şəxslər barəsində lazımi məlumatlar toplanılıb və yaxın vaxtlarda Respublika Prokurorluğuna təqdim olunacaq”, – deyə S.Müslümov vurğulayıb.

Nazir əlavə edib ki, bu məsələ ilə bağlı digər rayonlar üzrə də məlumatlar daxil olur və Nazirlik lazımi yoxlamalar aparır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlil arabalarında hərəkət edən şəxslər üçün Azərbaycana xüsusi minik avtomobillərinin gətirilməsi məsələsini nəzərdən keçirir.

Səlim Müslümov bildirib ki, bu il ərzində əlillərin avtomobillərlə təminatına dair siyahının aradan qaldırılmasının gözlənildiyini və növbədə duran şəxslərin hamısının avtomobillə təmin olunacağını açıqlayıb. Belə ki, dövlət başçısının əllilərin pulsuz olaraq avtomobillərlə təmin olunması üçün ayırdığı 5 mln. manat vəsait artıq Naxçıvan Avtomobil Zavodunun hesabına köçürülüb. Bu müəssisə bütün lazımi hissələrin ölkəyə gətirilməsi və müəssisədə avtomaşınların yığılması üçün artıq müvafiq müqavilələr də imzalayıb.

S. Müslümov deyib ki, avtomobil hissələrinin müəyyən hissəsi artıq ölkəyə gətirilib: “Məndə olan məlumata görə, Naxçıvan Avtomobil Zavodu may ayının sonuna qədər bütün avtomobilləri bizə təhvil verəcək. Düşünürəm ki, bu il həmin siyahılar artıq yekunlaşacaq”.