Nazirlər görüşü dünya mediasının diqqət mərkəzində

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü dünya mediasının diqqət mərkəzində olub.

Dünyanın müxtəlif ölkələrinin tanınmış KİV-lərində dərc olunmuş məqalələrdə qlobal səviyyədə yaşanan gərginliklərə baxmayaraq, Bakı keçirilən tədbirdə çoxsaylı ölkə nümayəndələrinin iştirakına, beynəlxalq ictimaiyyətə ünvanlanan mesajlara geniş yer verilib.

Kubanın “www.plenglish.com” portalında yayımlanan xəbərdə Qoşulmama Hərəkatının “yeni ədalətli dünya nizamı uğrunda mübarizəsini davam etdirən ölkələrin ən böyük hərəkatı olduğu bildirilib. Qeyd edilib ki, Qoşulmama Hərəkatı 1961-ci ildə keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə əsaslanaraq ədalətli dünya nizamını müdafiə etmək üçün alternativ hərəkat olaraq yaradılıb.

“www.cubanews.acn.cu” portalında yayımlanan məqalədə isə Qoşulmama Hərəkatının siyasi məsləhətləşmələr və beynəlxalq gündəlikdəki digər aktual məsələlər üzrə mübadilə forumu kimi canlandırılması prosesində irəliləyişi davam etdirməyə, dialoqun, diplomatiyanın və dinc münasibətlərin təşviqinə imkan verəcəyi diqqətə çatdırılıb.

Əlcəzairin “al24news.com” saytında bildirilib ki, Azərbaycanın paytaxtı Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər görüşü “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusuna həsr olunub.

Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyevin açılış sessiyasında “beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı artıq bəşəri ümidləri doğrultmur, ona görə də BMT qaçılmaz olaraq ciddi islahatlar aparmalıdır” barədə fikirləri oxucuların diqqətinə çatdırılıb.

Bildirilib ki, Prezident İlham Əliyev, həmçinin Qoşulmama Hərəkatına BMT Təhlükəsizlik Şurasında daimi yer verilməsinin zəruriliyini vurğulayaraq, bu mənada “Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edən ölkələrə və Afrika İttifaqı (Aİ) da növbə düsturuna uyğun və veto hüququna malik yerə sahib olmalı olduğunu bildirib.

Pakistanın “www.urdupoint.com” portalında isə Bakı görüşündə Malayziyanın xarici işlər naziri Zambri Abd Kadirin BMT-də ciddi islahatlara çağırış etdiyi bildirilib. Qeyd edilib ki, dünya ciddi problemlərlə üzləşdiyindən Birləşmiş Millətlər Təşkilatının effektiv olması üçün kritik islahatlardan keçməlidir.

Nazir, eyni zamanda, ölkəsinin İsveçdə Quranın yandırılması kimi nifrət dolu bəyanatların və hərəkətlərin dünyada artmasından narahat olduğunu söyləyib.

Çinin “People’s Daily” və Nikaraquanın “www.el19digital.com” portallarında qeyd olunur ki, Bakı görüşündə yeni dünya nizamı ilə bağlı məsələlər müzakirə olunacaq, yaranmış böhrandan çıxış yolları axtarılacaq.

İranın “ww.tasnimnews.com” və “mehrnews.com” saytlarında bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlər barədə məlumat verilib.Müzakirə olunan məsələlər arasında Azərbaycanın İrandakı səfirliyinə hücumda müqəssirlərin tapılması ilə bağlı görülən tədbirlər də müzakirə mövzusu olub.

“Shabestan” xəbər agentliyində isə Qoşulmama Hərəkatı haqqında məqalə dərc olunub. Yazıda bildirilib ki, Sammit Qoşulmama Hərəkatının ən yüksək toplantısı hesab olunur, adətən üç ildə bir dəfə üzv ölkələrdən birinin paytaxtında keçirilir. Budəfəki toplantının hazırda təsisata rəhbərlik edən Azərbaycanın paytaxtı Bakıda keçirildiyi bildirilib.

Misirin “Əxbar Əl Youm” nəşrinin AZƏRTAC-a istinadla dərc etdiyi “İlham Əliyev: Fransa üzr istəməlidir” sərlövhəli materialda qeyd olunub ki, Azərbaycan Prezidenti özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın hələ də digər ölkələrin daxili işlərinə qarışdığını, təəssüf ki, Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışdığını söyləyib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışların getdikcə artdığını, bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsinin bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlaməti olduğunu vurğulayıb. O əlavə edib ki, “bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik”.

“Əl Əhəd” qəzetində “İlham Əliyev Fransanı Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə ittiham edib və Parisi üzr istəməyə çağırıb” sərlövhəli məqalədə qeyd olunub ki, Azərbaycanın dövlət başçısı neokolonializmi hələ də davam etdirən ölkələrdən biri olan Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu söyləyib. O vurğulayıb ki, Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Azərbaycanın dövlət başçısı, həmçinin Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlini qətlə yetirdiyini, hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərinin müharibə qənimətləri kimi saxlanıldığını bildirib, bunu utancverici və iyrənc hərəkət adlandırıb. O, Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edib.

Məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev Fransanı Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə ittiham edib, Parisin üzr istəməli olduğunu söyləyib, habelə bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin fransız polisi tərəfindən qətlə yetirilməsinin bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlaməti olduğunu vurğulayıb.

Geniş oxucu auditoriyasına malik olan “Dustur” nəşrində dərc olunan “Prezident Əliyev Fransanı üzr istəməyə dəvət edib” sərlövhəli məqalədə qeyd edilib ki, Azərbaycanın dövlət başçısı Parisi həm Azərbaycanın daxili işlərinə kobudcasına müdaxilə etdiyinə, həm də neokolonializm, islamofobiya siyasətinə görə üzr istəməyə çağırıb. O, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında vurğulayıb ki, Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır. Məqalədə dövlətimizin başçısının aşağıdakı sözləri sitat kimi verilib: “Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək”.

“Əl Marsad”, “Əl Həmra”, “Pressbee”, SANA informasiya agentliyi, “Yemen Publisher” və ərəb ölkələrinin digər qəzet və portalları da Azərbaycanın dövlət başçısının Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışına geniş yer ayırıblar.

Qardaş Türkiyənin “Hürriyet” qəzetində dərc olunan “Əliyev sülhün şərtlərini açıqladı: Ermənistan silahlı qüvvələrini Qarabağdan tamamilə çəkməlidir” sərlövhəli geniş məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında otuz il əvvəl Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal etdiyini, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirdiyini, bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini qeyd edib. Azərbaycanın dövlət başçısı diqqətə çatdırıb: “Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir”.

Məqalədə xüsusi olaraq vurğulanıb ki, Prezident İlham Əliyev münaqişə başa çatdıqdan az sonra Azərbaycanın Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipi təqdim etdiyini deyib. O əlavə edib ki, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir.

Türkiyənin Anadolu, İHA informasiya agentlikləri, “TRTWorld” telekanalı Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışını canlı yayımlayıb. Bundan başqa, “Yeni Akit”, “Yeni Şafak”, “Akşam”, “Haber com”, “En son haber” və digər qəzet və xəbər portalları, həmçinin “Haber Global”, “OdaTV” telekanallarının saytları dövlətimizin başçısının çıxışının əsas məqamlarını təqdim ediblər.

“Milliyet” qəzetində isə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak edən Türkiyənin xarici işlər naziri Hakan Fidanın söylədiyi “Qarabağda Azərbaycan torpaqlarının qaytarılımasını bütün Türk dünyasının Zəfəri kimi görürük” fikirlərinin sərlövhəyə çıxarıldığı məqalə dərc olunub.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə söylədiyi fikirlər Gürcüstan mətbuatının da diqqət mərkəzində olub.

“İnterpressnews.ge” portalında dərc olunmuş materialda deyilir: “Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsinin imzalanmasının beş əsas prinsipini təqdim edib. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımalı olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları var. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhün əldə olunmasında maraqlıdırsa, o zaman onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxarılmalıdır. Erməni hərbi və hərbiləşdirilmiş elementlərinin tərksilahı və tərxis olunması həyata keçirilməlidir”.

Geniş oxucu kütləsinə malik “netgazeti.ge” portalında yayımlanan materialda isə bildirilir ki, Ermənistan silahlı qüvvələri Qarabağı tamamilə tərk etməlidir. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ ərazisində qalan erməni hərbi birləşmələrini ərazini tamamilə tərk etməyə çağırır.

Portal Azərbaycan Prezidentinin bu fikirlərini sitat gətirib: “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur edilməsinə baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları hələ də mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda davamlı sülhün əldə olunmasında maraqlıdırsa, onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Erməni əsgərləri və hərbiləşdirilmiş birləşmələri tərksilah edilməlidir”.

Gürcüstanın İctimai Televiziyasında yayımlanan (1tv.ge) materialda Prezident İlham Əliyevin Fransada rəsmi şəxslərdən və parlamentarilərdən irqçi nifrət dili getdikcə daha çox eşidilməsi barədə fikirlərini yayıb. Bildirilib ki, Fransa müstəmləkəçilik keçmişinə və soyqırımı aktlarına görə üzr istəməlidir.

“İnterpress.ge” portalında AZƏRTAC-a istinadla yayımlanan materialda Azərbaycan Prezidentinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığı barədə məlumat verilir.

Bildirilir ki, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır.

Həmin portalda yayımlanan digər materialda isə Ermənistanın Zəngəzur dəhlizinin açılmasına törətdiyi maneədən bəhs olunur. Bildirilir ki, Ermənistan, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına maneə yaradır.

Eyni zamanda, Azərbaycan Prezidentinin geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığını ifadə etdiyi diqqətə çatdırılıb.

Qafqaztürk.com saytında yerləşdirilən materialda da Azərbaycan Prezidentinin islamofobiya ilə bağlı fikirləri yer alıb: “Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması və təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”.

Saytda dərc olunmuş “Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir” sərlövhəli materialda isə deyilir: “Otuz il əvvəl Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal etdi, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirib”.

Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycanın indi bir sıra nəhəng çağırışlarla üz-üzə olduğunu söyləyən Azərbaycan Prezidenti vurğulayıb: “Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir”.

Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər görüşü və tədbirdə səsləndirilən fikirlərlə bağlı materiallar, eyni zamanda, Belarusun “Belta”, “Reform.by”, “Eadaily.com” kimi eelektron media resurslarında da yayımlanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşündə çıxışı zamanı söylədiyi fikirləri ispandilli mətbuatın da diqqət mərkəzində olub.

“www.swissinfo.ch”, “www.msn.com”, “Deportes” kimi portallarda yayımlanan məqalələrdə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına (QHH) üzv olan dövlətləri neokolonializmlə mübarizə aparmağa çağırdığı, Fransanı irqçilikdə, soyqırımda və başqa ölkələrin işlərinə qarışmaqda ittiham edərək, neokolonializmin müasir dəstəkçilərindən biri olduğunu bildirdiyi vurğulanıb.

Portallarda dövlətimizin başçısının bu fikri sitat gətirilib: “Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir”.

Azərbaycan Prezidenti qeyd edib ki, “neokolonializm siyasətini indi də davam etdirən ölkələrdən biri də Fransadır”.

“Avropadan kənarda Fransanın idarə etdiyi ərazilər Fransa müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır”, – deyən Prezident İlham Əliyev rəsmi Parisin təxminən 1,5 milyon əlcəzairlinin qətlə yetirilməsinə, müstəmləkə keçmişinə və soyqırımı aktlarına görə üzr istəməli olduğunu bildirib.

O, həmçinin hazırda dünyada mövcud olan islamofobiya və ksenofobiya ilə bağlı narahatlığını ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin fransız polisi tərəfindən öldürülməsini xatırladaraq əlavə edib ki bu hadisə ölkədə mövcud olan irqçilik və islamofobiyanın daha bir əlamətidir”.

Ermənistanla münaqişənin həllinə gəlincə, Prezident İlham Əliyev qeyd edib ki, 2020-ci il müharibəsi başa çatdıqdan sonra İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Azərbaycan ərazisində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları var.

O vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhün əldə olunmasında maraqlıdırsa, o zaman onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsini tamamilə tərk etməlidir.