Nazirlik aztəminatlı ailələrin müəyyənləşdirilməsi üçün yerli qurumlarla birgə işləməlidir

Bu gün ölkədə əlillik dərəcəsinin təyin olunması ilə bağlı ciddi problemlər var. Bunun səbəbi nədir, bəlli deyil. Çünki yerli qurumlar problemi bir-birinin üzərinə atır. Mən burada hansısa qurumu hədəfə gətirmək istəmirəm, amma bu məsələ köklü şəkildə həll olunmalıdır.

XALQ.AZ xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin (MM) bugünkü iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, aztəminatlı ailələrin müəyyənləşdirilməsi üçün aidiyyatı nazirliklər yerli qurumlarla birgə işləməlidir:

“Məsələn, 190 manat birdəfəlik ödəmələrdən kifayət qədər aztəminatlı şəxslər faydalana bildi, amma kifayət qədər insan da bundan kənarda qaldı. Düşünürəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yerli bələdiyyə və icra qurumları ilə aztəminatlı ailələrin müəyyənləşdirilməsində birgə işləsə, daha faydalı olar”-deyə, millət vəkili sözlərinə əlavə edib.