Nazirliyin11 milyon manatlıq ev aldığı iş adamları kimdir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fərdi sahibkar Ağaməmmədova Xanım Şamil qızından 2 531 250 AZN dəyərində mənzil alır.
Xanım Ağaməmmədova nazirliyin Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub.
Xanım Ağaməmmədova barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Nazirlik eyni məqsədlə başqa bir fərdi sahibkar – Əlisoy Natiq Hüseyn oğlu ilə maliyyə dəyəri 8 149 930 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.
Natiq Əlisoy həm də “Gulay-Food” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət ötən ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin keçirdiyi tenderdə də qalib olub.