“New Media Hub” platforması media-brifinqi keçirdi

26 may tarixində “Davam” Gənclər Hərəkatının Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə həyata keçirdiyi “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində təsis edilən “New Media Hub” platformasının media-brifinqi baş tutub.

“Davam” Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzində keçirilən brifinqdə “Davam”ın sədri Nihad Allahyarlı, layihənin partnyorları olan “Trend” müstəqil informasiya agentliyinin nümayəndəsi olaraq millət vəkili, agentliyin baş direktorunun müavini, “Azərnews” ingilisdilli qəzetin baş redaktoru Sevil Mikayılova, “Yeni Müsavat” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu, digər media qurum nümayəndələri və bir qrup davamçı gənc iştirak edib.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu çıxış edərək bildirib ki, bu partnyorluğun əsas məqsədi “Davam” Gənclər Hərəkatı tərəfindən göstərilən nəcib təşəbbüsə dəstək verməkdir. O, ənənəvi və sosial media arasında məsafələrin olduğunu və yetişdirilən gənclərlə həmin boşluqların doldurulacağını diqqətə çatdırıb. Həmçinin gənclərin jurnalistika sahəsində inkişafının təmin edilməsi ilə jurnalizm məktəbinin formalaşdırılmasının zəruriliyini də qeyd edib.

“Trend” müstəqil informasiya agentliyinin baş direktorunun müavini Sevil Mikayılova öz çıxışında “New York Times” və onun timsalında bütün media qurumlarının təcrübəsinin mütləq şəkildə öyrənilməsinin önəmli olduğunu qeyd edərək mediadakı yeni tendensiyalar və müasir dövrün gətirdiyi operativ və çevik yanaşmanın tətbiqinin vacibliyini diqqətə çatdırıb.

“Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı qonaqlara öz təşəkkürünü bildirib. O, layihənin bu partnyorlarla start götürməsinə baxmayaraq, bütün media qurumlarını da bu prosesdə iştirak etməyə dəvət edib.

Sonra isə media nümayəndələrinin sualları cavablandırılıb. Nihad Allahyarlı layihənin müxtəlif modullarla 3 ay davam edəcəyini, yetişdirilən kadrların müxtəlif media qurumlarında işlə təminolunma imkanlarının ola biləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, platforma daxilində gənc jurnalist və blogerlərin yetişdirilməsi, onların xüsusi təlim, seminar, praktika və görüşlərdə iştirakı təmin ediləcəkdir.

Возможно, это изображение (один или несколько человек, люди стоят, люди сидят и в помещении)