Niyə Cənubi Qafqazı müharibə meydanına çevirmək istəyirlər?

Hazırda dünya düzənində bir-birindən maraqlı və eyni zamanda, təhlükəli proseslər baş verməkdədir. Bu proseslərin mərkəzində isə Qərbin hər zaman müharibə tərəfdarı olan bəlli dairələri, xüsusilə Birləşmiş Ştatlar dayanır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, əslində, məsələyə Birləşmiş Ştatların dünyaya baxış prizmasından yanaşsaq, burada təəccüblü heç bir şey yoxdur:

“O mənada ki, ABŞ-nin bütün siyasətinin ana xəttini xarici ölkələrdə, o cümlədən, dünyanın fərqli regionlarında müharibələr, süni qarşıdurmalar, etnik, dini və milli toqquşmalar təşkil etmək, sonra isə orada özünü qəhrəman kimi göstərmək təşkil edir. ABŞ-nin məhz bu kontekstdə növbəti hədəfi isə Cənubi Qafqazdır. ABŞ öncə Cənubi Qafqazı müharibə meydanına çevirmək, sonra isə hərbi baxımdan burada peyda olmaq istəyir. Təəssüflər olsun ki, bizim regionda bu siyasəti reallaşdırmaq üçün ABŞ “sapı özümüzdən olan balta”dan, yəni bu regionun ölkəsi olan Ermənistandan istifadə edir”.

Deputatın sözlərinə görə, Rusiyanın dəstəyi ilə yaranan, uzun bir dövrdə Moskvanın buyruq qulu olan Ermənistan artıq ağasını dəyişmək qərarına gəlib və indi də Qərbdə isti qucaq axtarır:

“ABŞ da ermənilərin bu xislətindən, Ermənistanın yeni isti qucaq axtarmaq istəyindən öz maraqları üçün yararlanmaqdadır. Hesab edirəm ki, aprelin 5-də ABŞ, Aİ və Ermənistanın iştirakı ilə keçiriləcək görüş də bu qaranlıq məqsədə xidmət edir. Yəni ABŞ başda olmaqla, Qərb indi də Cənubi Qafqazı müharibə meydanına çevirmək niyyətindədir. Region ölkələri bu təhlükənin qarşısını almalı, Cənubi Qafqaza ABŞ əsgərinin ayağının dəyməsinə imkan verməməlidir”.