“Növbəti mərhələdə digər mal qrupları üzrə siyahının daha da artırılması mümkün olacaq” – Deputat

Xəbər verdiyimiz kimi, Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsini təsdiqləyib. Protokola əsasən, Azərbaycan və Türkiyə 2020-ci il fevralın 25-də Bakıda səhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin qeyd olunmuş mallarla ticarət üçün güzəştlərə əlavə olaraq, bu Protokolda qeyd olunmuş malların ticarətində bir-birinə güzəştlər edəcəklər. Bundan başqa, sənədə görə, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılır.

Bəs bu qanun layihəsi Türkiyədən ixrac olunan malların qiymətinə necə təsir edəcək? Qiymət azalması gözlənilir? Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov danışıb: “Azərbaycan qeyri-neft ixracının artımı üçün əlverişli şəraitin yaradılması məqsədilə xarici ölkələrlə ticarət əlaqələrinin inkişafı ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. Bu çərçivədə, ölkəmizin bağladığı və hazırda qüvvədə olan 10 ölkə ilə sərbəst ticarət, habelə bir çox ölkə ilə ikitərəfli ticarət və ya ticarət-iqtisadi əməkdaşlıq sahələrini tənzimləyən sazişlərə əlavə olaraq, preferensial sazişlər daha əlverişli ticari şərtləri özündə əks etdirir. Bu baxımdan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan qardaş Türkiyə Respublikası ilə də Preferensial Ticarət sazişinin imzalanması və qüvvəyə minməsi iki ölkə arasında asan ticarətin qurulmasını təmin etmək məqsədi daşıyır. Həmin Sazişə əsasən, bir sıra kənd təsərrüfatı və yeyinti məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılması nəzərdə tutulub. Hazırda isə yeni ticari münasibətlərin təməli qoyulur və saziş çərçivəsinin mərhələli şəkildə genişləndirilməsi və bütövlükdə, qarşılıqlı olaraq bütün mallar üzrə kvota və rüsumların yaxın 3 il ərzində sıfıra endirməsi nəzərdə tutulur. Ona görə də, növbəti mərhələdə digər mal qrupları üzrə siyahının daha da artırılması mümkün olacaq”.

Millət vəkili qeyd edib ki, Preferensial Ticarət Sazişinə dəyişikliklərə əsasən, qarşılıqlı ticarətdə güzəşt tətbiq olunacaq yeni məhsullar razılaşdırılacaq. Məqsəd iki ölkə arasında ticarət dövriyyəsini artırmaqdır. Azərbaycan ilə Türkiyə 2022-ci ildə təxminən 6 milyard dollarlıq ticarət dövriyyəsinə malik olub. Əsas hədəf növbəti illərdə iki ölkə arasında ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaqdır. Onu da qeyd edək ki, Azərbaycan türk dövlətləri ilə sadələşdirilmiş gömrük rejimi formalaşdırır, bununla bağlı Səmərqənd anlaşması Azərbaycan Milli Məclisində də ratifikasiya olunub. O cümlədən Türkiyə ilə də artıq preferensial ticarət rejimi formalaşdırılıb. Bu ticarət rejimi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərəcək və gözlənilir ki, ticarət dövriyyəsində artımları şərtləndirəcək və sürətləndirəcək.

A.Hüseynov bildirib ki, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılır və bu addım ticarət dövriyyəsinin daha da genişlənməsinə səbəb olacaq.

“Azərbaycandan Türkiyədən ixrac olunan malların qiymətinə təsirlərinə gəlincə, burada söhbət ticarət rejiminin asanlaşdırılmasından gedir, qiymətlərdən yox. Ona görə də, idxal və ixrac olunan malların qiymətini bazar müəyyən edəcək, yəni ticarət sazişi mal qrupları üzrə qiymətlərin müəyyən edilməsində rol oynamır”, – Millət vəkili qeyd edib.