“Növbəti mərhələdə Ermənistan humanitar addımların miqyasını daha da genişləndirməlidir” – Millət vəkili

Azərbaycan və Ermənistan hərbi qulluqçuların qarşılıqlı şəkildə dəyişdirilməsi yekun sülhlə bağlı ümidləri artırır. Amma gərək Ermənistan bu məsələdə sona qədər iradə sərgiləsin. Məlumdur ki, ötən gün azad olunan iki azərbaycanlı hərbi qulluqçu – Hüseyn Axundov və Aqşin Bəbirov bu ilin aprel ayında pis hava şəraiti səbəbindən Azərbaycan-Ermənistan sərhədini keçərək əsir düşmüşdülər. Bu vaxta qədər tərəflər arasında müxtəlif platformalarda əldə olunan razılıqlara əsasən, bu cür şəxslərin qısa zamanda təhvil verilməsi nəzərdə tutulurdu. Lakin Ermənistan bu razılığa əməl etmədi. Amma eyni yanaşma Azərbaycanın ötən gün təhvil verdiyi 32 erməni diversanta şamil edilə bilməz. Çünki həmin şəxslərin əksəriyyəti 2020-ci ilin dekabrında 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Azərbaycan tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində həbs edilmişdi. Bir qismi isə müxtəlif dövrlərdə Azərbaycan-Ermənistan şərti sərhədi və Laçın sərhəd buraxılış məntəqəsində saxlanılan şəxslər idi.

Ötən gün baş tutan təhvilvermə prosesi bir daha göstərdi ki, Azərbaycan hər zaman humanitar prinsiplərə hörmətlə yanaşıb. Məlumdur ki, əsirlikdə olan hərbi qulluqçular – Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistanda ağır işgəncələrə məruz qalmışdılar. Bu kobud davranış Ermənistanın bütün humanitar norma və prinsipləri kobud şəkildə pozduğunu bir daha təsdiqləmişdi. Azərbaycan tərəfi isə erməni əsirlərlə davranışda hər zaman humanist yanaşma ilə nümunə sərgiləyib.
İndi beynəlxalq ictimaiyyət əsirlərin qarşılıqlı mübadiləsini Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaranması kimi dəyərləndirir. Amma təbii ki, növbəti mərhələdə Ermənistan humanitar addımların miqyasını daha da genişləndirməlidir. Biz mina xəritələrinin təhvil verilməsini, eləcə də birinci Qarabağ müharibəsindən ötən müddətdə 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsini gözləyirik. Tərəflər arasında əlavə etimad tədbirləri gözləyən beynəlxalq təşkilatlar və ya vasitəçilər Ermənistana təsir etməlidir. Yalnız belə olan halda etimad mühitinin daha da möhkəmlənməsindən danışmaq mümkün olacaq.

Könül Nurullayeva

MM-in deputatı