Novruz Aslanov Ağsaqqallar şurasının yığıncağında iştirak etdi

Martın 18-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının iclası keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatları Eldar İbrahimov və Novruz Aslanov da iştirak edib.

XALQ.AZ xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra təşkilati məsələlər müzakirə olunub. İsmayıllı Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Valeh Salehov İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri seçilib.

Yığıncaqda millət vəkili Novruz Aslanov çıxış edərək ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından, milli-mənəvi dəyərlərimizin gənclərə aşılanması sahəsində onların rolundan, gənclərin milli ruhda tərbiyəsinə verdikləri töhfələrdən, respublikanın ictimai həyatındakı rolundan söhbət açıb. Rayon ağsaqqallarının yerli səviyyədə keçirilən tədbirlərdə yaxından iştirakını, gənclərin zərərli vərdişlərdən uzaq olmaları üçün verdikləri dəyərli məsləhətlərinə daim ehtiyac olduğunu bildirib. Çıxışının sonunda Novruz Aslanov rayonun mənəvi dəyərləri sayılan ağsaqqallara sağlam ömür arzulayıb.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.