O gedən gəlməyəcək

“Türk Dünyasının Onur-Şeref” medalına layiq görülən yazıçı Xuraman Muradova

İkinci Türk Dünyası Ədəbiyyatı və Kitab festivalında, Milan Hospitalın rəhbəri, sahibkar, xeyriyyəçi iş xanımı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xuraman Muradova Türkiyənin Azərbaycandakı Fövqaladə və Səlahiyyətli Səfiri Cahit Bağcının təqdimatı ilə Türk Dünyası Onur-Şeref madalına layiq görülüb. Çox yüksək səviyyəli bu medalı Xuraman xanıma Cahit Bağcı özü təqdim edib. Xuraman xanımı biz də redaksiya olaraq ürəkdən təbrik edirik və ona yeni yaradıcılıq uğurları arzu edirik.
Qeyd edək ki, 5- 11 iyun tarixinədək davam edən festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak etdilər. Festival hər gün bir ölkənin adı ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan günü kimi adlandırıldı. Eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olundu. Həmçinin builki festivalda ilk dəfə olaraq yay kinoteatrı formatında filmlərin nümayişi də təşkil olundu.
Festivala qatılan türk dünyasının tanınmış qələm sahibləri, həm qardaş ölkələrin ədəbi mühiti ilə daha yaxından tanış oldular və həm də özlərinin imza günlərini keçirdilər. İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının başlanğıcından etibarən yüzlərlə paytaxt sakini və qonaqlar festivalı ziyarət etdilər. Gün ərzində ən azı 4-5 yazıçı və şairin imza günü baş tutdu. Bu da festivala olan ictimai marağı daha da artırdı. Digər maraqlı məqamsa, festivalın hər gününün bir Türk xalqının ədəbiyyatına həsr olunması oldu.
Milan Hospitalının rəhbəri, sahibkar, iş adamı, Azərbaycan Yazıçılat Birliyinin üzvü, şair, nasir Xuraman xanım Muradaovanın “Onur-Şərəf” madalı ilə təltif olunması tamaşaçılar tərətindən də çox maraqla qarşılandı. Sonra sözləri Xuraman Muradovaya məxsus olan “Sənə məktub yazacam” mahnısını ifa edən tanınmış müğənni Mirələm Mirələmovun ifası da gurultulu alqışlarla qarşılandı.
Son beş ildə bədii yaradıcılıqla daha ciddi məşğul olan Xuraman xanım Muradovanın yazdığı şeirlər, poemalar, nəsr əsərləri, aforizmlər oxucuların böyük marağına səbəb olur. Onun sözlərinə yazılan mahnılar isə tamaşaçıların sevə-sevə qulaq asdığı mahnılardır.
Əziz oxucular! Sizə Xuraman xanım Muradovanın son vaxtlar yazdığı şeirləri təqdim edirik. İnanırıq ki, bu şeirlər də sizin xoşunuza gələcək.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

XURAMAN MURADOVA

UZAQLARA GETMƏ…

Hara aparacaq o yollar səni,
Getdiyin yerlərdə varammı heç mən?
Uzağa çəkilib itmə gözümdən,
Mənsiz o yerlərdə darıxarsan sən.

Darıxar gözündə açılan səhər,
Güllərin şehi tək titrəyər əlin.
Bu dünya gözündə zindana dönər,
Sənə ağır gələr “xoş” əməllərin.

Qoyduğun hər izdə baxışın donar,
Qəlbini bürüyər qatı duman, çən.
Köksünü incidər intizar yeli,
Sən məni tək qoyub hara gedirsən?

Həsrətin əlləri sıxar qəlbini,
Dönüb baxacaqsan yoxam o yerdə.
Darayar saçını qəm küləkləri,
Sevgin tənha quş tək uçar göylərdə.

NECƏ ÇƏKİM BU DƏRDİ
(Qardaş Türkiyəmizdə zəlzələ ilə əlaqədar çox kövrəldim.)

Gözüm dolur baxammıram,
Türkümün qəmli gözünə.
Qəfil gələn ölümlərin,
Körpə-köpə gül üzünə.

Ürəyimin qəm səsini,
Ərşə çəkib gecəm Allah.
Bu dərd bitən dərd deyilmiş,
Mənə güc ver, çəkim Allah.

Bu yolların dönüşü var,
Bu yolların sonu yoxdu.
Açılan hər sabahların,
Geceden xəbəri yoxdu.

Ölüm yetişən gözlərdə,
Bir yaşamaq həvəsi var.
Acı-acı ölümlərin,
Şirin-şirin nəfəsi var.

Çəkilməyən ağrıların
Əzabında qul olmuşam.
İnildəyən könüllərdə
Yanıb sönən kül olmuşam.

DAYAN DEPREM…

Dayan ey deprem, dayan,
Yetər canlar aldığın.
İsti ocağımızdan
Bizi uzaq saldığın.

Bu betonlar altında,
Körpə, fidan balam var.
Arzusu ürəyində,
Gözü yolda qalan var.

Ah… necə üşüyürəm,
Bu isti ocağımda.
Qaranlıq zülmətdəyəm,
Enkazlar qucağında.

Günahsız insanlara
Özün rəhm elə Allah.
Bütün türk dünyamıza
Açılsın gözəl sabah.

KÜSDÜM MƏN
Yaşanması mümkün olan,
Yaşanmayan İllərimdən küsdüm mən…
Qışda qönçələr gətirən
Açılmayan, ayaz vuran
Güllərimdən küsdüm mən..

Vətənimin dərdli səsi,
Harayında qəm nəfəsi,
Zamanında deyiləsi,
Danışmayan,
Dillərimdən küsdüm mən…

Yaranmışam haqq səsindən,
Doğru olan kəlməsindən,
Haqsızlığın pəncəsindən,
Qorunmayan,
Ellərimdən küsdüm mən…

Qeyrət köynəyindən çıxan,
Haqqa doğru əyri baxan,
Araz kimi sakit axan,
Çağlamayan,
Sellərimdən küsdüm mən…

Dərd sığallı həsrətimin,
Üzə gülməz məhəbbətin,
Çox kecikmkiş bir sevgimin,
Həsrət dolu,
İllərindən küsdüm mən.

O GEDƏN GƏLMƏYƏCƏK

Əl atıb bu sevdanın,
Yaxasından asılma.
Xəzanlı yağışların,
Sinəsinə qısılma.
Ömür, gün də keçəcək..
O gedən gəlməyəcək…

İtəcək oğrun-oğrun,
Ümidlərin ünvanı.
Buz bağlamış arzular,
Üzər sənli dünyanı.
Gözlərin yol çəkəcək…
O gedən gəlməyəcək…

Həsrətin qucağında,
Yuxuya vermə qəmi.
Bəxtin boş əllərində,
Qatma bütün aləmi.
Bu qəm uzun çəkəcək,
O gedən gəlməyəcək….

Sızıldama bu eşqin,
Can verən nəfəsində.
Darıxmağı unut sən,
Hər gecənin səsində.
Sorma nə vaxt gələcək?
O gedən gəlməyəcək…

Səndən gedən vaxtını,
Nigaran könlünə yaz.
Həsrətin baxışında,
Gələcək min bahar, yaz.
Durnalar da dönəcək
O gedən gəlməyəcək…

Soyuq sətirlərimin,
Kiprikləri yaşlanır.
Darıxmağın yeri yox,
Gecə yaman uzanır…
Gəl bu həsrətdən əl çək.
O gedən gəlməyəcək.

Hər qapın döyüləndə,
Sanma qayıdıb gəlib.
Daha yollara baxma,
Elə küsüb gedibdi,
O geri dönməyəcək..
O gedən gəlməyəcək.

Payız rəngli ayrılıq,
Dayanıb yollar üstə.
Daha onu səsləmə,
Daha onu az istə.
Pəncərədən gözün çək,
O gedən gəlməyəcək.
O gedən gəlməyəcək.

NASIL ÇEKEYİM BU DERDİ

Puslu gözlerle bakamam,
Türk’ümün gamlı gözüne.
Gafil gelen ölümlerin,
Körpe- körpe gül yüzüne.

Yüreğimin gam sesini,
Arşa çeker gecem Allah.
Çekilecek bir dert değil,
Ben çekeyim, nice Allah?

Sonu olmayan bu yolun.
Dönüşü var, döngesi var,
O geceden haber versin.
Açılsın nurlu sabahlar.

Ölüm yansıyan gözlerde,
Bir de hayat hevesi var.
Acı ölümler içinde
Şirin ümit nefesi var.

Çekilmez derdin, ağrının,
Azabına kul olmuşum.
Ben yaralı gönüllerle
Yanıp, yanıp kül olmuşum.

DEPREM
2023-cü il fevralın 6 da Qardaş Türkiyəmizin bir çox şəhərlərində
7.4 bal gücündə zəlzələ baş verdi. Binalar dağıdıldı, 30 minə yaxın
insanlar məhv oldu. Bu, 100 ilin içində ən böyük zəlzələ idi.

Dur ey sarsılan zemin!
Yetər canlar aldığın.
Sıcak ocağımızı
Bize haram kıldığın!

Ya rab beton altında,
Körpe, fidan balan var!
Arzusu yüreğinde,
Gözü yolda kalan var.

Ah… nasıl üşüyorum,
Sıcacık ocağımda.
Sanki bir zulmetteyim,
Enkazlar kucağında.

Bu masum insanlara
Merhamet eyle Allah.
Ulu Türk dünyasına,
Güneşler doğsun sabah…

TÜRKİYƏM
Torpağın yarıldı, qəlbin yarıldı,
Göylər də göz yaşın tökdü o gecə.
Bağrın qan ağladı, canım Türkiyəm,
Dünyan da üstünə çökdü o gecə…

Bəlkə də özünü günahkar bilir,
İnləyən küləyin, torpağın, daşın.
Nə qədər ömürlər bitdi o gecə,
Nə qədər qocaldı, qacaldı yaşın…

Qucaqlaşdı qəmlə, sevincin bir an,
Dağlara çırpıldı arzu-diləklər.
Yumdu gözlərini göy də, səma da,
Gizlicə saçını yoldu küləklər.

Sevdamsan, səbrsən, çünki ərənsən,
Dərdinə şərikəm, müdam Türkiyəm.
Sənə can demişəm canım demişəm,
Özümə, dünyama yadam, Türkiyəm.

GƏLƏCƏYƏM, YENƏ MƏN
Günəş doğduğu yerdə,
Gözləyərsən məni sən.
Bitməsin ümidlərin,
Gələcəyəm yenə mən…

Gələcəyəm bir səhər,
Güllər şeh tutan zaman.
Yoldan həsrət yığılsın,
Dağdan çəkilsin duman.

Eşqin qanadlarını
Sərib yollar üstünə.
Duracam gecə-gündüz,
Ayrılığın qəsdinə.

Sıxıb köksümə yazı,
Qışı da yaz biləcəm.
Günəş doğduğu yerdə,
Gözləyərsən gələcəm.

Saxlayaq, görüşməyin,
Vaxtını, vədəsini.
Hələ bir az dinləyək,
Həsrətin nəğməsini.

Həsrət-həsrət baxarsan,
O uzanan yollara.
Açılacaq qolların
Hələ çox nağıllara.

Xatırlayarsan məni,
Gecə yağış yağanda.
Axtararsan arabir
Ürəyin sıxılanda.

Gələcəyəm, gözlə sən
Bir yağmurlu səhərdə.
Bir quş qəmli oxuyur,
Günəş doğduğu yerdə.

Günəş doğur deyəsən,
Sakitcə yağış yağır…
Söz vermişdim, gəlirəm,
Həsrəti geri çağır…

UNUTMA MƏNİ…
Bu gecikmiş sevdamız
Söylə harada qaldı…
Xəzan vurmuş güllər tək
Rəngi saralıb soldu…
Səni düşündükcə hey
Gözlərim yaşla doldu…
Unutma sən də məni, unutma….

Bahar çiçəklərim də
Küsüb, incidi məndən.
Sənsiz son bahar oldu,
Saçlarıma düşdü dən…
Mən ki, gəl deməmişdim
Ömrümə gəldin nədən?
Unutma sən də məni, unutma…

Gör görüşmədiyimiz
Nə zamandı, haçandı…
Dedin fikrində mənəm
Xəyalların dumandı.
Bu gecikmiş sevdamız
Niyə belə uzandı?
Unutma sən də məni, unutma…

Niyə çata bilmədik,
Bu həsrətin hayına.
Bilmirik nə qalıbdı
Ömrümüzün sayına…
Niyə belə pay düşdü
Sevdamızın payına…
Unutma sən də məni unutma…

Bakı şəhəri,
iyun -2023-cü il