“O torpaqların hamısı Azərbaycana məxsusdur” – Arzu Nağıyev

“Ermənistan baş naziri Nikol Paşinyan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı ilə bağlı açıqlamalar versə də mütləq şəkildə sonradan problem ortaya çıxardır. Bu problemlər isə son vaxtlar anklavlarla bağlıdır. Onlar şərti sərhəddə dislokasiya yeri olan Azərbaycan Ordusunun güzgüvari şəkildə çəkilməsini nümunə göstərirlər”.

Bu fikirləri  Milli Məclisin deputatı Arzu Nağıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasında “sülh danışıqları konteksində Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi və 29,8 min kv.km əraziyə malik Ermənistanın ərazi bütövlüyünün tanınması üçün müvafiq mexanizmlərin yaradılması əsas əhəmiyyət kəsb edir”,-deyə qeyd etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, istənilən xəritələrdə yüksəkliklər Azərbaycan tərəfindədir:

“Onlar isə ciddi cəhdlə Ordumuzun həmin yüksəkliklərdən çıxarılmasını istəyirlər ki, həmin 29.8 min kvadrat kilometr ərazinin guya bərpasını gündəmə gətirsinlər. İstər 1991-ci il, istərsə də 1975-ci ildə Azərbaycan ərazisi SSRİ tərkibinə daxil olan respublika kimi məlum idi. Müxtəlif otlaq sahələri və digər ərazilər respublikalar arasında bir-birinə icarəyə verilmişdi. Bu o demək deyil ki, həmin torpaqlar Ermənistana aid idi. O torpaqların hamısı Azərbaycana məxsusdur. Bu gün də Qazaxın 7 kəndi və Kərki məsələsi, Zəngəzur dəhlizinin açılması , kommunikasiyaların bərpası gündəmdə olduğu üçün siyasi manevrlər etməyə çalışırlar”.

Deputat qeyd edir ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət olaraq bir çox absurd məsələlər gündəmə gətirilir:

“Azərbaycan dövləti Qarabağdakı erməni icması ilə danışıqların aparılması, onların təhlükəsizliyinin təmin edilməsi məsələsini prioritet istiqamətlərdən biri kimi qəbul edib. Ermənistan bu vəziyyətdən guya narahat olmaqla daxili auditoriyaya və xarici havadarlara yarınmağa çalışır. Bu səbəbdən Vaşinqton görüşündən sonra da tez-tez bu məsələlər gündəmə gətirilir. Lakin bütün bunlar siyasi gedişlərdir. Azərbaycan öz təkliflərini verib və bunun yerinə yetirilməsində də israrlıdır “.