“Oğul” sənədli filminin nümayişi keçirilib

Oktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Birinci Qarabağ müharibəsinin şəhidi Natiq Qasımovun ailə üzvləri, rəsmi şəxslər, tanınmış sənət adamları və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, üç il ərzində ərsəyə gətirilən “Oğul” sənədli filmi Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır.