Oktay Əsədov Sankt-Peterburqda görüşlər keçirib

44

 

MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak etmək üçün noyabrın 28-də Sankt-Peterburq şəhərinə səfərə gedib.
Həmin gün Milli Məclisin Sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, MDB Parlamentlərarası Assambleya Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının sədri Valentina Matvienko, Qazaxıstan Parlamenti Senatının Sədri Kasımjomart Tokayev və bu ölkənin Parlament Məclisinin Sədri Nurlan Niqmatulinlə görüşüb. Bu haqda Modern.az saytına milli məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
Burada keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Parlament rəhbərləri Azərbaycanda gedən sürətli inkişafı izlədiklərini və ölkəmizin bütün sahələrdə nümunəvi ölkə imici qazandığını vurğulayaraq, 9 oktyabrda keçirilən Prezident seçkilərini yüksək qiymətləndiriblər. Prezident İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıblar. Noyabrın 28-də nümayəndə heyətinin üzvləri MDB PA-nın Şura iclasında iştirak ediblər. İclasın gündəliyindəki 29 məsələdən biri – MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili məsələsi olub. MDB PA-nın müşahidə missiyasının hazırladığı yekun sənəddə 9 oktyabrda Azərbaycanda keçirilən Prezident seçkiləri yüksək qiymətləndirilib. Qeyd olunub ki, ölkəmizdə seçkilər şəffaf, ədalətli, seçici hüquqlarının qorunması şəraitində və beynəlxalq hüquq normalarına uyğun keçirilib. Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda Prezident seçkilərində qurum nümayəndələrinin müşahidəçilik missiyasını obyektiv yerinə yetirdiklərinə görə bu sahədə fəaliyyət göstərən institut və təşkilatlara öz təşəkkürünü bildirib.

Xatırladaq ki, tədbirdə deputatlardan Sevinc Fətəliyeva, Sədaqət Vəliyeva, Mirkazım Kazımov, Aslan Cəfərov, Hacı Salayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.