“Ölkə başçısı qeyd etdi ki, bu çox mühüm hadisə idi”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Laçın rayonuna səfəri çox böyük siyasi məna kəsb edən bir hadisədir. Bu səfər digər səfərlərdən onunla fərqlənir ki, ilk dəfə cənab prezident çox unikal bir təşəbbüsün əsasını qoydu. İşğaldan azad olunmuş şəhərlərimizin günləri qeyd edilməyə başlandı və bu nöqteyi-nəzərdən 26 avqust Laçın şəhərinin azad olunduğu gün kimi tarixə düşüb və həmin gün “Şəhər günü” kimi cənab Prezidentin Laçın səfəri çərçivəsində çox möhtəşəm, təmtəraqlı şəkildə qeyd olundu. Cənab Prezidentin Laçın rayonuna səfəri digər səfərlər kimi çox mühüm əhəmiyyətli infrastruktur layihələrin gerçəkləşdirilməsi ilə də xarakterizə oluna bilər. Prezident Laçın rayonunda “Mişni” və ” “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etdi. Bundan savayı prezident və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Səfər çərçivəsində Laçında mehmanxana kompleksinin təməlqoyma mərasimi keçirilib. Eyni zamanda, prezident və xanımı Laçının sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, bir sıra müəssisələrdə yaradılan şəraitlə tanış olub. Cənab prezidentin bu  səfəri çərçivəsində mühüm hadisələrdən biri kimi xarakterizə oluna bilən “Hocazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışıdır. Prezident həmçinin, Laçın rayon 2 saylı Tam Orta məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak edib. Bununla yanaşı ölkə başçısı “Həkəri” balıq təsərrüfatının açılışında iştirak edib. Prezident və xanımı Laçının Zabux kəndində görünüslə tanıs olublar, sakinlərlə görüşüblər”.

Bu fikirləri  deputat Elman Nəsirov bildirib.

Deputat qeyd edib ki,  bütün bu səfərin zirvə nöqtəsi cənab prezident və birinci xanım Mehriban Əliyevanın “Laçın Şəhəri günü ” bayram şənliklərində iştirakıdır:

“Bu görüşdə cənab prezident çıxış etdi və bu çıxışında bir sıra fundamental məsələlərlə diqqəti cəlb etdi. Xüsusilə də qeyd etdi ki, çox mühüm bir ənənənin əsasını qoyuruq. Bundan sonra işğaldan azad olunmuş şəhərlərimizin tarixi günlərini “Şəhər günü” kimi qeyd edəcəyik və söylədi ki,  26 avqust tarixində Laçın şəhəri işğaldan azad edildi, Sus və Zabux kəndlərinin azad olunması da həmin günə təsadüf edir. Cənab prezident bildirdi ki, əslində dekabr ayının 1-də biz Laçın rayonunu düşməndən azad etmişdik, lakin keçmiş Laçın dəhlizi Lacın şəhəri Zabux və Sus kəndləri ərazisindən keçdiyindən müvəqqəti olaraq bu ərazilər nəzarətimizdən kənarda qalmışdı, lakin 26 avqustda Azərbaycan artıq bu əraziləri də nəzarətə götürdü. Beləliklə, avqust ayının 26-sı tariximizə Laçın şəhərinin Zabux və Sus kəndlərinin azad olunduğu gün kimi düşdü. Prezident qeyd etdi ki, oktyabr ayının 17- də Fizuli şəhərinin azad olunması günü qeyd olunacaq və beləliklə bu ənənə bundan sonra həmişə qorunub saxlanacaq.

Deputat əlavə edib:

“Cənab Prezident vurğuladı ki, Laçın şəhərinin azad olunması strateji əhəmiyyətli hadisə idi.  Çünki, 1992- ci ilin may ayının 8-də Şüşanın və may ayının 18- də Laçın rayonunun işğal altına düşməsi nəticə etibarilə Ermənistan ilə o zamankı Dağlıq Qarabağ Muxtar vilayəti arasında coğrafi əlaqənin yaranmasına gətirib çıxartdı və bu strateji nöqteyi- nəzərdən bizim üçün fəlakətli bir hadisə idi. Bundan sonra artıq digər ərazilərimizin düşmən tərəfindən işğalı üçün imkanlar yaranmış oldu və bir çox torpaqlarımız işğal altına düşdü. Cənab Prezident qeyd etdi ki, biz şəhidlərimizin qanı hesabına torpaqlarımızı azad etdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin!. Şəhidlərimizin, qazilərimizin şücaəti hesabıma biz  qürurumuzu qoruyub saxladıq, xəcalət tərimizi alnımızdan sildik və bu gün biz təkcə ölkəmizin əhalisi deyil, dünyada yaşayan soydaşlarımızla qürur hissi keçiriruk. Ölkə başçısı onu da qeyd etdi ki, düşmən Laçın rayonunu işğal edərkən orada hərbi cinayət əməllərinə imza atmışdır, belə ki, ayrı- ayrı ölkələrdən erməniləri köçürüb, qeyri- qanuni məskunlaşma siyasəti həyata keçirmişdir ki, bu da beynəlxalq hüquqa ziddir. Eyni zamanda, dünya başqa bir həqiqəti də gördü ki, əgər doğrudan da Laçın Ermənistanındırsa bəs niyə onu tikmirdilər, qurmurdular, əksinə dağıdıb, məhv edirdilər. Çünki onların deyil. Özününkü olanı heç vaxt məhv etməzlər. Biz artıq Laçına qayıtmışlar.  Laçınlılar düz 31 il sonra Laçına qayıtdılar. Bu böyük xoşbəxtlikdir və biz bu gün bu xoşbəxtliyi yaşayırıq. Cənab prezident vurğuladı ki, sentyabr ayında işğaldan azad olunmuş Laçın şəhərinə daxil olarkən bu şəhərin nə qədər böyük dağıntılara məruz qaldığını gördük. Amma qısa zaman ərzində biz Laçının bütün simasını dəyişdik. Laçında çox böyük quruculuq işləri getdi və may ayının 28-də müstəqillik günümüzdə 1000 nəfərə qədər Laçınlıya mənzillərinin açarlarını cənab prezident təqdim etdi. İlin sonunadək daha 900 ailənin köçürülməsi planlaşdırılır. Bu minlərlə Laçınlının öz torpaqlarına qayıdışı deməkdir. 31 ildən sonra Laçınlılar öz torpaqlarına qayıdırlar. Onların çöhrəsindəki sevinci görməmək mümkün deyil. Onlar cənab prezidentə, ali baş komandana öz minnətdarlıqlarını bildirirlər ki, məhz onun rəhbərliyi altında Azərbaycanın şanlı ordusu tarixi zəfərə imza atdı, işğalda olan torpaqlarımızı, eyni zamanda Laçın şəhərini işğaldan azad etdi”.

Elman Nəsirov qeyd edib ki, bu kontekstdə cənab prezidentin vurğuladığı mühüm məsələlərdən biri də Ermənistan-Azərbaycan sərhədində Laçın Sərhəd Buraxılış Məntəqəsinin aprel ayının 20- də işə salınması ilə bağlı məsələdir:

“Ölkə başçısı qeyd etdi ki, bu çox mühüm hadisə idi. Bu məntəqənin işə salınması Azərbaycanın bütün ərazilərində suverenliyini tam şəkildə bərpa etməsi deməkdir. İşğaldan azad olunmuş ərazilərdə biz öz suverenliyimizi təmin etmişik. Laçın sərhəd- buraxılış məntəqəsinin işə salınması ilə bizim ərazi bütövlüyümüzü tam şəkildə bərpa etmiş olduq. Bu tarixi hadisədir. Biz bütün dünyaya bəyan etdik ki, öz suverenliyimizi, ərazi bütövlüyümüzü hər zaman qorumağa hazırıq və heç kim bizimlə diktə dili ilə danışa bilməz”.