“Ölkə başçısı tariximizi yenidən yazır” – Xalq şairi

Milli Məclisin deputatı Kamal Cəfərov 15 oktyabrın Azərbaycan Günü elan edilməsini təklif edib.

O, Milli  Məclisdə çıxışı zamanı vurğulayıb ki, məhz həmin tarixdə Xankəndi, Xocalı və Xocavənddə Azərbaycan bayrağı ucaldılıb:

“Məhz 2023-cü il 15 oktyabr tarixində Müzəffər Sərkərdə İlham Əliyevin Xankəndində, Xocalıda, Xocavənddə bayrağımızı ucaltması ilə Azərbaycan bütövləşdi. Prezident İlham Əliyev Xankəndində çıxışında qeyd etdi ki, Azərbaycan xalqı elə bir qələbə qazanıb ki, bu qələbə əbədi bizimlə olacaq. Bu tarixi günü əbədi olaraq rəmziləşdirmək üçün təklif edirəm ki, 15 Oktyabr Azərbaycan günü elan edilsin, bayram olsun. Biz də hər il övladlarımızla 15 Oktyabr – Azərbaycan Gününü Xankəndində, Xocalıda, Xocavənddə, Şuşada – Azərbaycanın hər bir diyarında bayram günü kimi qeyd edək”.

Xalq şairi Nəriman Həsənzadə  deputatın təklifini yüksək qiymətləndirib:

“Azərbaycan tarixinə qızıl hərflərlə yazılan qələbə sevinci yaşayırıq. Xalqımız əsrlər keçsə də unudulmayacaq tarixi zəfərə şahidlik edir. Bunu tam səmimiyyətimlə deyirəm. Bayrağın qarşısında əsgər formasında Cənab Prezident çıxış edəndə mən də ona qulaq asırdım. Oktyabrın 15-i tarixdə yeni səhifədir, ölkə başçısı tariximizi yenidən yazır. Bu gün rəsmi bayram kimi qeyd edilməyə layiqdir”.