Ölkədə vətəndaşların sağlamlığı üçün bütün tədbirlər görülür

Azərbaycan qlobal miqyaslı problemlərin həllində məsuliyyəti bölüşməyə hazır olduğunu təsdiq edir 

“Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizəni ən effektiv təşkil edən dövlətlərdən biridir. Əhalinin sağlamlığını qorumaq məqsədilə pandemiyanın yayılmağa başladığı ilk günlərdən bütün zəruri tədbirlər görülüb. Ölkəmizin peyvəndlərin tətbiqi sahəsində MDB ölkələri arasında ilk sırada olması bunu bir daha təsdiq edir.”

Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov açıqlamasında deyib.

Deputat ölkəmizin pandemiya ilə qlobal mübarizəyə verdiyi dəstəyin əhəmiyyətindən də danışıb. O, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının keçirilməsini, BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul olunmasını  Azərbaycanın qlobal miqyasda COVİD-19 pandemiyası ilə mübarizəyə verdiyi töhfələr kimi qiymətləndirib: “Eyni zamanda, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırdı, 30-dan artıq dövlətə humanitar yardım göstərdi. Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş zirvə görüşü keçirildi. Bütün bunlar Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisidir və qlobal miqyaslı problemlərin həllində məsuliyyəti bölüşməyə hazır ölkə olduğunu təsdiq edir.”

Soltan Məmmədov bildirib ki, Azərbaycan COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olub. Əhalinin sağlamlığını qorumaq üçün dövlət tərəfindən vaxtında bütün zəruri addımlar atılıb. Bundan başqa, iqtisadiyyatın mümkün zərərlərdən sığortalanması, pandemiyanın insanların sosial durumuna mənfi təsirlərinin minimuma endirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib.