Ölkələrimiz arasında münasibətlər inkişaf edir

“Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi sahəsində böyük imkanlar və potensial vardır”. Bu sözləri  açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputat sözlərinə belə davam edib: “Bildiyimiz kimi İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycan Respublikasına rəsmi səfəri oldu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu səfər ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir. Səfər zamanı iqtisadi-ticari əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirəsi oldu. Xüsusilə qarşılıqlı ticarətin artırılması, enerji sahəsində əməkdaşlıq məsələlərinə diqqət yetirildi. Bununla yanaşı həm də müdafiə sənayesi və turizm sahələrində əməkdaşlıq imkanları da müzakirə edildi.

Görüşdə ən vacib məqamlardan da biri, İraq prezidentinin Azərbaycan və Ermənistan arasında hazırkı vəziyyət və münaqişənin tarixi ilə bağlı məlumatlandırılması oldu. İraq dövlət başçısı qonşu Ermənistana səfər edəcək və əminik ki, Prezidentimizin bu mesajlarından Ermənistan və onun havadarları bir nəticə çıxaracaqlar.

Azərbaycanın İraqla dostluq tarixi qədimdir. İraq və Azərbaycan hər zaman bir-birinə dəstək olub və hər iki ölkə bir-birinin suverenliyini, ərazi bütövlüyünü müdafiə edib. Bu birlik həmçinin Qoşulmama Hərakatında, İslam Əməkdaşlıq Təşkilatında da özünü göstərib. İnanırıq ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək”.