Ölkəmiz Fransada “Qadın hüquqları və kino” festivalında təmsil olunub

Fransanın “Elie Wiesel” İnstitutunda Natiq Rəsulovun “İkinci güllə” qısametrajlı filmi nümayiş olunub.

XALQ.AZ xəbər verir ki, “Qadın hüquqları və kino” festivalı çərçivəsində təqdim olunan film Fransa Milli Assambleyasının himayəsi altında, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, “Schroders” (Britaniyada aktivlərin idarə edilməsi üzrə beynəlxalq qrup), Fransada Azərbaycanın Dostları Assosiasiyasının, “Elie Wiesel” İnstitutu və “SFİL”in (Fransa inkişafı üzrə ictimai bankı) birgə təşkilatçılığı ilə nümayiş edilib.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan Fransua Mansel kino həvəskarlarına Azərbaycanda qadınların cəmiyyətdəki rolu, onlara 100 il bundan qabaq səsvermə hüququnun verilməsi, qadın hüquqları kimi vacib məsələyə Azərbaycanda bu gün dövlət səviyyəsində böyük qayğı ilə yanaşılması haqqında, eləcə də təşkilatın bu mövzuda müxtəlif layihələri haqqında məlumat verib.

Fransa Milli Assambleyasında başlamış festival bu gün Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində qaliblərə mükafatların təqdimat mərasimi ilə başa çatacaq.