Ölkəmizin iqtisadiyyatı çox sabitdir

Son 20 il ərzində bizim ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Birbaşa xarici borcumuzu ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyəyə salmağa və iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq;
Güclü iqtisadiyyat əhalinin rifahı, ölkənin sabitliyi, ordunun gücü, dövlətin təhlükəsizliyidir. Elə ən yaxın tarixdə baş verən ikinci Qarabağ müharibəsində bunun bir daha şahidi olduq. Bu qələbənin təminatı olan güclü iqtisadiyyatın əsası hələ illər əvvəl Heydər Əliyev tərəfindən qoyuldu. Daha sonra bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü dövləti səviyyəsinə yüksəltdi. Güclü iqtisadiyyat bu gün Azərbaycanın milli maraqlara uyğun siyasət aparmasının təminatçısıdır. Ölkəmiz regionda bütün qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Bu da Azərbaycanın iqtisadi siyasətinin doğru qərarlar hesabına atılan addımlarla inkişafı deməkdir. Bu siyasəti aparan isə Azərbaycan Prezidenti İlham Əliyevdir.
Ötən 20 il Azərbaycanın iqtisadi inkişafında mühüm dövr kimi dəyərləndirilməlidir. Qazanılan iqtisadi uğurlar, əldə edilən nailiyyətlər hesabına ölkəmiz bütün sahələrdə inkişaf yolunu tutub.
Ölkənin maliyyə imkanları yaxşılaşdıqca xarici borclanmadan da asılılıq azalıb. Nəticədə 2003-cü ildə xarici borcun ÜDM-də payı 21,6 % olduğu halda, 2022-ci ildə 9,5 % təşkil edib. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi 20 ildə qazanılan iqtisadi uğurların ümumi mənzərəsini əks etdirir. Ölkə başçısının strateji inkişaf kursunun uğuru nəticəsində Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub.
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbənin təminatında əldə olunan iqtisadi uğurlarımızın xüsusi rolunu qeyd etməmək mümkün deyil. Biz Prezident İlham Əliyevin rəhbərliyə ilə döyüşə yalnız siyasət, informasiya, ordu quruculuğundakı uğurlara əminliklə deyil, eyni zamanda ölkə iqtisadiyyatına arxalanaraq başladıq. Sözsüz ki, ordu quruculuğunun da bu qədər mükəmməl təşkilində iqtisadi əsaslar dayanır. Ən müasir silahların alışı, peşəkar ordunun hazırlanması güclü iqtisadiyyatı olan ölkələrə xasdır.
Qarabağın azad olunması ilə, hətta müharibənin gedişi zamanı başlayan quruculuq, bərpa işləri də davamlı iqtisadiyyat sahəsində mümkün oldu.
Ötən 20 ildə Prezident İlham Əliyevin siyasətində xalqın sosial rifahının xüsusi yer tutduğu açıq şəkildə özünü göstərib. Bu dövrdə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində vətəndaşların rifahının yaxşılaşdırılması dayanıb.

Nigar Rüstəmzadə Ziyafət
Azərbaycan Dövlət Pedaqoji Universiteti