Ölkənin inkişaf tarixində yeni səhifə – Andına və xalqına sadiq qalmış Ulu Öndər

 

 

 

Heydər Əliyev böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş bir şəxsiyyət idi. O, özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratdı və ümummilli lider zirvəsinə yüksəldi. Ulu öndərin yaratdığı dövlət idarəçiliyi məktəbi – müstəqilliyimizi qorumaq, vətənə, millətə, xalqa sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.

 

O dövrlərdə ölkədə Ermənistanın hərbi təcavüzü, ölkə daxilində siyasi sabitliyiyin olmaması, milli qarşıdurmaların olması, ölkənin müdafiə qabiliyyətinin zəif olması, gənc müstəqil dövlətin beynəlxalq aləmdə nüfuzunun aşağı olması, ölkənin dövlət idarəçiliyi prinsiplərinin qaydada olmaması, dövlət çevrilişlərinə meyillər və s. kimi çox problemlər vardı.

Azərbaycan xalqı o ağır günlərdə dövləti və milləti yalnız Heydər Əliyev dühasının xilas edəcəyinə inanırdı. Buna əsasən, 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verərək Heydər Əliyev Bakıya gəldi. Artıq xalq əmin idi ki, dövlətimiz xilas olub. Çünki Heydər Əliyev adının arxasında sabitlik, quruculuq və inkişaf dayanırdı. Bu ad özündə əks etdirdiyi böyüklüyü ilə bütün çətinlikləri dəf edəcəyinə əminlik yaradırdı.

Həmin il oktyabrın 3-də Azərbaycanda Prezident seçkiləri keçirildi. Heydər Əliyev xalqın 98 faiz səsini qazanaraq müstəqil Azərbaycanın dövlət başçısı seçildi. Oktyabrın 10-da andiçmə mərasimi keçirildi. Andiçmə mərasimində Böyük öndər vəd edirdi ki, Azərbaycan xalqına sədaqətlə xidmət edəcək, müstəqil dövlətimizin dünya birliyində layiqli yer tutmasına çalışacaq, Azərbaycan xalqının milli-mənəvi ənənələrinə daim sadiq olacaq, bu ənənələrin müstəqil dövlətimizdə bərqərar olmasını, yaşamasını və inkişafını təmin edəcəkdir.

“Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” – Ulu öndər Heydər Əliyev bu andını 1993-cü ildə müstəqil Azərbaycanın Prezidenti seçildiyi gün xalqına, bütün dünyaya bəyan etdi. Onun həyat və fəaliyyətinin elə bir məqamı, elə bir mərhələsi yoxdur ki, bu anda sədaqətinin şahidi olmayasan.

Heydər Əliyev hakimiyyətə qayıdışından sonra çox yaxşı bilirdi ki, qarşısında hansı problemlər dayanacaq. Lakin o bu problemlərin həllinə necə başlayacağını da gözəl bilirdi.

“Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhum ətrafında hamı sıx birləşməlidir” – deyən ulu öndər bütün o ağır məqamlarda xalqın gücünə arxalanır, millətin ona olan sonsuz inamına bel bağlayırdı.

Biz hamımız onun ulu öndərə məxsus təmkinlə, səsinin aydınlığı, əzəməti ilə necə and içdiyinin şahidi olduq. Hiss etdik ki, bizi xoş gələcəyə aparan gəminin sükanı etibarlı əllərdədir.

 

Bu and Vətənimiz Azərbaycanın andı idi. Xalqımızın ümummilli lideri son nəfəsinə qədər bu anda sadiq qaldı. İllərdir ki, onun müəyyən etdiyi yolda gələcəyə doğru inam və ümid dolu addımlarla irəliləyirik və bu yolun sonunda bütün istiqamətlərdə yalnız və yalnız qələbə var.

 

 

İsmayılova Günay Asəm qızı

Azərbaycan Dövlət Pedaqoji Universiteti