Ölkənin qüdrətində ordu böyük rol oynayır

 

1

Ümumiyyətlə ölkənin qüdrətində ordu böyük rol oynayır. Ordu toxunulmazlığın, ərazi bütövlüyünün və nüfuzun simvollarından biridir”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.

YAP rəsmisinin sözlərinə görə, 20 il bundan əvvəl Azərbaycan ordusunun çox zəif olması Ermənistanın digər dövlətlərin, dünyanın müəyyən dairələrinin dəstəyi ilə Azərbaycan ərazisinin bir hissəsini işğal etməsinə imkan yaratdı: “Bu gün Azərbaycanın çox qüdrətli və hərbi hazırlığı yüksək orduya malik olması ölkəmizin müstəqilliyinin qarantıdır, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində böyük arqumentdir. Bu gün Ermənistanın iqtisadi inkişafı yoxdur, əhali artımı baş vermir, bu isə nəticədə  işğalçı ölkənin ciddi böhran keçirməsinə səbəb olur. Cənab Prezidentin ordu quruculuğuna ciddi diqqət göstərməsi, orduya hərbi ehtiyaclar üçün böyük maliyyə vəsaitlərinin ayrılması, eləcə də Azərbaycanın özünün Müdafiə Sənayesi Nazirliyinə malik olması onun artıq inkişaf etmiş ölkə atributlarına malik olduğunu göstərir.

Heç də təsadüfi deyil ki, Azərbaycan ordusunun adı dünyanın ən güclü orduları sırasında çəkilir. Bu gün Azərbaycanın hərbi texnikası dünya bazarına uğurla çıxarılır. Ermənistan rəsmiləri, o cümlədən işğalçı ölkənin silahlı qüvvələrinin nümayəndələri vaxtaşırı Azərbaycan ordusunun qüdrətindən danışmalı olurlar. 26 İyun Azərbaycan Silahlı Qüvvələri günündə Azərbaycan bir daha problemin həllində silahlı qüvvələrdən istifadə etmək hüququnun olduğunu dünyaya xatırlatdı”.