Önəmli tərəfdaş

26 oktyabr 2023-cü ildə Azərbaycan Hökuməti tərəfindən energetika naziri Pərviz Şahbazov, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və “Masdar”ın baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Neftçala rayonunun Bankə qəsəbəsində Günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Biləsuvar rayonunda Günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni və “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”ni imzalayıblar. Yeni müqavilə Azərbaycanda hər ilyarım milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək və 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək 230 meqavat gücündə olan Qaradağ Günəş Elektrik Stansiyasının Prezident tərəfindən rəsmi açılış mərasimindən sonra imzalanıb.
Həmçinin, 15 mart 2022-ci il tarixində Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanmışdır. Bu Memorandum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin tətbiqi sahəsində potensial əməkdaşlıq imkanlarını müəyyən edir.
Hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir. “Azər­baycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl ener­ji” istehsalının genişləndirilməsi məsələ­sinə də xüsusi yer ayrılıb. Belə ki, ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur.
Əsas fəaliyyət istiqaməti bərpaolunan enerji layihələrinin inkişaf etdirilməsindən ibarət olan “Masdar” şirkəti bu sahədə həm Yaxın Şərq, həm də dünya üzrə li­derdir. Təkcə onu qeyd etmək kifayətdir ki, şirkət hazırda 40-dan çox ölkədə fəa­liyyət göstərir. Ən müasir texnologiyalar əsasında günəş, külək və bionerji isteh­salını həyata keçiriən “Masdar” şirkəti hazırda fəaliyyət göstərdiyi ölkələrdə 20 min meqavatdan artıq istehsal gücünə nəzarət edir.
Hənifə Mahmudova
Azərbaycan Dövlət Pedaqoji Universiteti