“On ildir xeyriyyəçiliklə məşğul oluram”

Elmira

“Dinimizdə belə bir qayda var. Sağ əlin verdiyindən sol əlin xəbəri olmamalıdır. Bu mənada mən etdiyim yaxşılıqları heç zaman dilə gətirmirəm”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Elmira Axundova sosial şəbəkələrdə xeyriyyə məqsədilə təşkil olunan aksiyalardan danışarkən belə deyib.
Onun sözlərinə görə, o, deputat olandan deyil, jurnalist kimi fəaliyyət göstərəndən xeyriyyəçilik edir: “Mən sosial şəbəkələrdə insanların xeyriyyə məqsədilə aksiyalar təşkil etməsini müsbət qiymətləndirirəm. Çox mütərəqqi və vacib bir hadisədir. Mən özümdə, ailəm də, övladlarım da xeyriyyəçilik etməyi sevirik. On ildir aktiv xeyriyyəçiliklə məşğulam. Amma bunu reklam etmirik. İstərdim ki, xeyriyyəçilik edən insanlar da öz əməlini reklam etməsinlər. Kömək etdiyi insanları gözükölgəli qoymasınlar. Fikirləşsinlər ki, bunu Allah yolunda edirlər. Necə deyərlər, “Xalq bunu bilməsə də, xaliq biləcək”. Hər kəs öz vicdanı qarşısında cavabdehdir. Hər bir imkanı olan bir kasıba əl tutsa, böyük savab qazanar. Dövlət vətəndaşlara qayğı göstərir. Amma biz hər şeyi dövlətdən gözləməməliyik. Özümüz də mərhəmət göstərməyi bacarmalıyıq”.