“Onlar dəhliz məsələsinə Ermənistanın suverenliyinin pozulması kimi baxır” – Millət vəkili

Rəsmi İrəvan yolun dəhliz statusu daşımasına birmənalı qarşı çıxır; məqsəd erməni sərhədçilərin İranla sərhədləri qorumağa nail olmasıdır; Elman Nəsirov: “Ermənistanda elə hesab edirlər ki, dəhlizin işə düşməsi suverenliyin pozulmasıdır, səhv fikirdir”

“Zəngəzur dəhlizinin müzakirəsi Ermənistanın qırmızı xəttidir”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib. “Regional kommunikasiyaların blokadadan çıxarılması məsələsi üzrə üçtərəfli işçi qrupu işə başlayandan şəxsən mən və rəsmi İrəvan həmişə bildirmişik ki, Ermənistan bu məsələni iki mühüm konsepsiya çərçivəsində müzakirə etməyə hazırdır.

Birincisi odur ki, haqqında danışdığımız infrastrukturlar Ermənistanın suveren infrastrukturları olmalıdır. İkincisi, Ermənistanın yurisdiksiyası onlara tam şəkildə şamil edilməlidir. Bu prinsiplər çərçivəsində biz həmişə mövzunun işlənməsinə, son nəticədə blokadanın aradan qaldırılmasına hazır olmuşuq və hazırıq. Bu da, fikrimcə, Ermənistan üçün də böyük əhəmiyyət kəsb edir”, – Ermənistan rəsmisi bildirib. Zəngəzur dəhlizi məsələsinə gəlincə, Qriqoryan söyləyib: “Dəhliz məsələsi müzakirə olunmayacaq. Bu, Ermənistan üçün “qırmızı xətt”dir”.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan isə anklavlarla bağlı deyib ki, danışıqlarda müxtəlif müzakirələr, ssenarilər var: “Aydındır ki, bu proses yetişəndə hüquqi sənədlər burada mühüm rol oynayacaq. Yəni hər hansı əraziyə, hər hansı statusa malik olmaq üçün hüquqi əsaslar olmalıdır. Düşünürəm ki, o zaman kimin hansı əraziyə hüquqi əsası olduğu görünəcək”. Yada salaq ki, bundan əvvəl baş nazir Nikol Paşinyan belə açıqlama verib: “Anklavlar Azərbaycanın ərazi bütövlüyünün 86,6 min kvadrat kilometr ərazisinin bir hissəsidir. 29 min 800 kvadrat kilometr əraziyə malik Ermənistanın ərazi bütövlüyünə Artsvaşen (Başkənd, Gədəbəy – red.) daxildir. Son günlər erməni rəsmilərinin oxşar məzmunlu açıqlamalarının sayı artıb. Yada salaq ki, İran prezidenti İbrahim Rəisi və ölkənin baş mollası da Zəngəzur dəhlizini ölkəsinin “qırmızı xətti” adlandırıb. İran rəsmiləri Paşinyanı əmin edib ki, heç bir şəkildə regionda geosiyasi xəritənin dəyişdirilməsini qəbul etməyəcəklər.

Ekspertlərə görə, Zəngəzur dəhlizi məsələsində Ermənistanın əsas iddiası İranla sərhədləri erməni sərhədçilərin qorumasına nail olmaqdır. İrəvanın “qırmızı xətt” iddialarının arxasında Zəngəzur yolunda nəzarəti öz əlinə almaq iddiası durur. Hazırda həm Türkiyə, həm İranla sərhədi rus sərhədçilər qoruyur. Ermənistan heç olmasa Zəngəzurda öz “suveren hüquqlarına qovuşmaq” istəyir. Çünki nəzarət kimdə olsa, orada həmin ölkənin postu olacaq. Yəni əvvəl yolun açılmasına etiraz edən Ermənistanın indi “qırmızı xətti” nəzarət məsələsidir. Bəs erməni tərəfi həm Zəngəzur, həm anklavlarla bağlı bu cür fikirlər səsləndirməklə nə əldə etmək istəyir? Azərbaycana anklavlarla bağlı problemin həlli üçün hansı variant daha sərfəlidir?

Elman Nəsirov “Yəqin ki, Qüdsdə şəhid olaram” ifadəsinə aydınlıq gətirdi |  KONKRET

Elman Nəsirov

Deputat Elman Nəsirov  qeyd etdi ki, Ermənistan siyasi rəhbərliyi ikibaşlı oyun oynamaqdadır. E.Nəsirov ironiya ilə vurğulayaraq bildirdi ki, bu hadisələri izləməyən və ya başqa planetdən gəlmiş varlıq Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizi, ərazi bütövlüyü, eləcə də iki ölkə arasında münasibətlərin normallaşması prosesi haqda fikirlərini dinləsə, elə biləcək ki, lap yaxında sülh sənədi imzalanacaq: “Amma cəmi iki gün sonra Ermənistan rəhbərliyinin başqa Avropa şəhərində çıxışını eşitsə, tamamilə çaşbaş qalacaq və anlamayacaq ki, danışıqlarda nələr baş verir… Bəli, Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir, 86.6. kvadratkilometr ərazimizin bütövlüyünü tanıdığını bildirir, lakin Zəngəzur məsələsində elə mövqe qoyur ki, hətta erməni baş nazir Moskvada Putinin sözünü yarımçıq qoydu. Onlar dəhliz məsələsinə Ermənistanın suverenliyinin pozulması kimi baxır. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev görüşdə qeyd etdi ki, bu gün Şərq-Qərb, Şimal-Cənub dəhlizləri var və iştirakçı dövlətlərin heç birinin suverenliyi pozulmayıb. Rusiya, Qazaxıstan, Azərbaycan ərazilərindən bu dəhliz keçir və heç bir halda suverenliyin pozulmasına gətirib çıxarmır. Ona görə Ermənistanın bu fantaziyalarına cənab Prezident təəccübləndi”.

Deputatın sözlərinə görə, heç bir beynəlxalq ensiklopediyada, beynəlxalq hüquqda “dəhliz” terminologiyası suverenliyin pozulması kimi dəyərləndirilmir: “Bu gün Ermənistan “Laçın dəhlizi” ifadəsini işlədir. O zaman sual yaranır ki, əgər dəhliz ifadəsi suverenliyin pozulmasına gəlirsə, onda Azərbaycanın suverenliyi pozulur, yəni İrəvan özü-özünü təkzib etmiş olur. Sadəcə, Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı Ermənistanda Türkiyəfobiya, Azərbaycanfobiya var və hesab edirlər ki, bu dəhlizin fəaliyyəti hansısa fəsadlara yarada bilər. Bu da olduqca səhv yanaşmadır. Çünki Ermənistana bu dəhliz hava-su kimi lazımdır, faktiki ölkə blokadadır. İkinci isə versiya budur ki, İran sülhməramlıları bölgəyə yerləşsin və Azərbaycanın təşəbbüskarı olduğu Zəngəzur dəhlizinin açılmasına mane olsun. Halbuki bu məsələdə Ermənistan öz maraqlarını önə çəkməlidir, nəinki İranın… Ona görə dəhlizin açılması zaman məsələsidir və uzaq olmayan perspektivdə işə düşəcək. Çünki bütün iştirakçıların xeyrinədir”. Anklavlar məsələsinə gəlincə, həmsöhbətimiz söylədi ki, Ermənistan açıq şəkildə cığallıq edir: “Azərbaycana aid anklavlar işğal nəticəsində Ermənistanın nəzarətinə keçib. Qazağın kəndləri və Naxçıvanın Kərki kəndi işğal dövründə ermənilərin nəzarətinə düşüb. Odur ki, onların iddialarının heç bir hüquqi əsası yoxdur. Ümumiyyətlə, bu mövzuda paralellər aparılması düzgün deyil”.