Onların əmək müqaviləsinə xitam veriləcək

29 avqust tarixində təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub. Test imtahanları ölkə üzrə 4 şəhər olmaqla 13 imtahan mərkəzini əhatə edib. Ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsində 1939 müəllim iştirak edib. İmtahanda 93% davamiyyət qeydə alınıb.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Sertifikatlaşdırılma qaydalarına edilmiş dəyişikliyə əsasən 60 və daha yuxarı yaşda olan müəllimlərin prosesdə iştirakı könüllü əsasda baş tutub.
Qeyd edək ki, dünən təşkil olunan sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetinə göndərilib. Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanı nəticələri ilə tanış ola bilərlər.
Müəllimlər test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlərini 31 avqust saat 18:00-a qədər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.
Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan olunacaqdır.
Xatırladaq ki, sertifikatlaşdırma iki mərhələdən – test və müsahibədən ibarətdir. Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.
Müsahibə mərhələsində azı 20 bal toplamış müəllimlər prosesdən keçmiş hesab edilirlər.
Əmək Məcəlləsinə uyğun olaraq, sertifikatlaşdırma prosesində ikinci cəhddə də uğur əldə edə bilməyən müəllimlərin müqaviləsinə xitam veriləcək.