“Onların maddi durumu buna imkan vermir” – İqtisadçı

“Hesab edirəm ki, ölkədə fəaliyyət göstərən istirahət məkanlarında qiymətlər əlçatanlıq nöqteyi-nəzərdən çox problemlidir, belə ki, zənnimcə əhalinin əksər hissəsi üçün qiymətlər əlçatan hesab oluna bilməz. Onların maddi imkanları ilə həmin qiymətlər arasında uyğunluğu, mütənasibliyi görmək mümkün deyil”.

Bu fikirləri  iqtisadçı Elşad Məmmədov deyib. Ekspert əlavə edib:

“Bununla yanaşı bir çox istirahət mərkəzlərində təqdim olunan istirahətlə bağlı xidmətlərin göstərilməsində həssas problemlərdən biri xidmətlərin keyfiyyətinin aşağı olmasıdır. Bu da, həm vətəndaşların, istehlakçıların təhlükəsizliyii ilə bağlı olan problemlərə yol aça bilər, həm də son nəticədə bütövlükdə istehlakçı hüquqlarının pozulması deməkdir, Çünki ödədiyi vəsaitə görə istehlakçı mûvafiq keyfiyyətdə xidməti ala bilmirsə, bu sahibkarlar üçün müvafiq məsuliyyətin olmasına gətirib çıxarmalıdır. Amma, əksər hallarda biz bunun şahidi olmuruq və son nəticədə demək olar ki, turizm infrastrukturu ilə bağlı, turizm industriyası ilə bağlı Azərbaycanda alıcı deyil, satıcı bazarı mövcud olur ki, bu da bütövlükdə ölkəmizin turizm sektorunun rəqabət qabiliyyətliliyinə çox mənfi təsir göstərir. Eyni zamanda, bir məqamı da qeyd edim ki, turizm industriyasının inkişafı üçün ilk növbədə orta və aşağı maddi imkanlara malik olan əhali, istehlakçılar kateqoriyalarına istiqamətlənmiş vətəndaşlar üçün  turizm infrastrukturu, turizm mərkəzləri fəaliyyət göstərməlidir. Təəssüf ki, Azərbaycanda mövcud olan qiymətlər onu deməyə əsas verir ki, nə orta, nə də aşağı maddi imkanlara malik olan istehlakçı qrupları üçün zənnimcə,  müvafiq turizm infrastrukturu təminatı lazımi səviyyədə deyil”.