Onların “Yurdu” da dağıldı, “cəbhə”si də”.

“Bu gün Əli Kərimov layiq olduğu “mükafat”ını alır, keçmiş sədrdən qalan partiyanın çöküşü hər gün, hər saat daha güclü textonik çatlar verir, silkələnmələr getdikcə artır. Təbbi prosesdir, əgər bir toplum, bir qrup, yaxud partiya düzgün idarə olunmursa, milli mübarizədən, milli maraqlardan sapınırsa, xəyanətə yol verirsə, çirkli pullarla və xüsusən də avtoritar formada idarə olunursa onun siyasi arenadan biabırçı şəkildə çəkiləcəyini də gözləmək olar. Amma Əli Kərimli bu günə qədər siyasi əxlaq, mədəniyyət nümayiş etdirərək siyasi səhnədən üzüsulu getməyib, əksinə bütün məğlubiyyətlərində hakimiyyətin günahkar olduğunu deyib. Bu da yetərli olmayanda ətrafındakıları xəyanətdə suçlayıb. Vaxtilə Əbülfəz Elçibəyə görə Xalq Cəbhəsinə gələnlər, həmin qurum Əli Kərimovun avtoritar rəhbərliyi altındakı AXCP-yə çevriləndə oradan uzaqlaşdılar. Əli Kərimovun xəyanət yolunu tutması, xarici qaranlıq dairələrlə işbirliyi “cəbhə”sinin dağılmasına gətirib çıxarıb”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Əli Kərimovun rəhbərlik etdiyi təşkilatda təmsil olunan gənclər xəyanət ruhunda tərbiyə edilirlər: “Ölkənin uğurlarına qara qüvvələrin, düşmən agenturasının çərçivəsindən baxan, astarı “Yurd”, üzü AXCP olan bir təşkilatın “yefreytor”undan bundan artığını gözləməyə də dəyməz. 44 günlük Vətən müharibəsində səngərin o tayındakı ermənilərin mövqeyi ilə həmrəng, həmavaz olan Əli Kərimov gənclərin beynini zəhərləməklə, düşmən dəyirmanına su tökməklə məşğul idi. Müharibəni qələbə ilə başa vurduq, amma cəbhə klanının başında duran bu adam xalq-ordu-Prezident birliyinə kölgə salmaq üçün bütün imkanlarını ortaya qoydu, xarici dövlətlərin agentura şəbəkəsi ilə işbirliyinə gedib qələbədə imzamızı, haqqımızı dandı, başqa ünvanların adını çəkdi. 30 illik işğal dövründə bircə dəfə də olsun Azərbaycanın haqqını tanımayan Əli Kərimov əksinə, Ermənistana dəstək üçün sifarişli aksiyalar təşkil etdi. İşğalçı Ermənistanın beynəlxalq təşkilatlar qarşısında irəli sürdüyü haqsız tələbləri Əli Kərimov Bakının küçələrində səsləndirdi. Torpaqlarımız işğalda olduğu müddətdə erməni gəncləri ilə cəbhəçi gəncləri birgə layihələrə cəlb edib “xalq diplomatiyası” adı altında ölkəmizə qarşı tam bir xəyanət yolunu tutdu. Maraqlı bir sual yaranır, bəs Əli Kərimov indi niyə “cəbhəçi gəncləri” qondarma “xalq diplomatiyası” layihələrinə cəlb etmir, birgə görüşlər keçirmir? Məlum məsələdir, çünki onların mənfur planını Ali Baş Komandan, Prezident İlham Əliyev ordu-xalq birliyindən yaranan “dəmir yumruq”la darmadağın etdi, işğalçı ölkənin ordusu kimi, Əli Kərimovun “Yurdu” da dağıldı, “cəbhə”si də”.