“O”NUN “İMZA GÜNÜ”NÜ KEÇİRİLƏCƏK

 

75

Millət vəkili Qənirə Paşayevanın “Özümə yolçuluq” trilogiyasının ikinci cildi işıq üzü görüb

“O…” adlanan yeni kitabda xanım millət vəkilinin Allah, Dünya və İnsan, Haqq Yolu və bu qəbildən digər ana xəttlər üzrə düşüncə yazıları toplanıb. Dünyanın yaradılış fəlsəfəsinin çağdaş təfəkkür süzgəcindən keçirilməsi, bir xanım və bir yazar həssaslığı ilə Ulu Dərgaha üztutmalar yeni nəşrin əsas leytmotivini təşkil edir, desək yanlış olmazdı.

“Özümə yolçuluğ”a daxil olan birinci kitab “Məndən sonra…” adlanırdı və bir neçə ay bundan öncə işıq üzü görüb. Ümumən “Özümə yolçuluq” seriyasından çıxan (və gələcəkdə çıxacaq) kitablar, anlamaq istəyən hər kəsə acıq olub, bir millət vəkilinin, siyasi elmlər üzrə fəlsəfə doktorunun deyil, ruhən “O”na bağlı olan, “O”nunla olan və özünə yolçuluğa çıxan bir insanın, bir yolçunun duyğu, düşüncə, fikir və qənaətləridir.

Qeyd edək ki, yeni çapdan çıxmış “O…” (“Özümə yolçuluq”) kitabının “imza günü”, “Əli və Nino” kitab dükanları şəbəkəsinin “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində yerləşən dükanında, bu ayın 13-də keçiriləcək. “İmza”lanma saat 19.00-da başlayacaq.

İctimaiyyət -siyasi xadimlərinin, tanınmış sənətçilərin, QHT rəhbərlərinin, KİV təmsilçilərinin də qatılacağı mərasimə xanım yazarın sadiq oxucuları, vaxtı olan bütün kitabsevərlər dəvətlidir.

Əziz dostlar! Arzu edən hər kəs təqdimat və imzalanma mərasimində iştirak edə bilər. Kitabın arxa qabığı millət vəkili Qənirə Paşayevanın “Öyrəndim…” adlı bu yazısı ilə bitir.

 

Elə bir həyat yaşadım ki, Cənnəti də gördüm, Cəhənnəmi də…
Həyatın qorxaqları sevmədiyini erkən gördüm və cəsarəti öyrəndim;
Uğuru çalışmadan qazanmağın mümkünsüzlüyünü gördüm və zəhməti öyrəndim;
Ən böyük sərvətin yaxşılıq olduğunu gördüm və insan olmağı öyrəndim;
Xəyanətin ağrısını gördüm və sədaqəti öyrəndim;
Yaradanın sevdiyi bəndələrini imtahanlardan keçirdiyini gördüm və səbri öyrəndim;
Dostların böyük zənginlik olduğunu gördüm və dost olmağı öyrəndim;
Xətalardan ibrət almağın ən yaxşı dərs olduğunu gördüm və özümü öyrəndim;
Birini dünyada hər şeydən çox sevməyin yanlış olduğunu, itirəndə öyrəndim;
Dünyanın fani olduğunu gördüm və sevməyi öyrəndim;Özümə söz verdim, nə olursa olsun həyatdan küsməyəcəksən;
Nə əngəl olursa olsun geri çəkilməyəcəksən;
Xəyallarından, arzularından vazkeçməyəcəksən;
Yıxıldınmı yenidən qalxacaqsan;
İtirdinmi yenidən qazanmaq üçün yenidən başlayacaqsan;
Dedi-qodulara qulaqlarını qapayacaqsan;
Qeybəti dilinə haram buyuracaqsan….
Gecə-gündüz çalışacaqsan…
Həyatın qədrini biləcəksən…
Amma ən əsası insan olacaqsan…
O-na şükr etməyi öyrənəcəksən…
Və hər kəsdən və hər şeydən daha çox O-nu sevəcəksən…
Bunları daha yaxşı ölüm qoxusunu hiss edəndə öyrəndim….
Ölmədən öncə ölməyin nə demək olduğunu öyrəndim…
Ölmədən öncə ölmək…
Əslində bundan başlamalıydım öyrənməyə….
Onu da öyrəndim…