“Ordumuzun tarixi də şanlı olub” – Aydın Hüseynov

“Azərbaycan Ordusu həm regionda, həm dünyada kifayət qədər tanınan və layiqli yerini tutan bir ordudur. 200 illik tariximizdə ilk dəfə Zəfər qazanan, itirilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan geri alan Silahlı Qüvvələrimiz bizim güvənc və qürur yerimizdir. Erməni faşizminin regionumuza gətirdiyi bəlalara son qoyan, minlərlə şəhidimizin qisasını döyüş meydanlarında alan, 30 ildən sonra başımızın dik durması üçün qanı və canı, dişi və dırnağı ilə mübarizə aparan, Vətənimizin müdafiəsini təmin edən də Azərbaycan Ordusudur. Ordumuzun tarixi də şanlı olub, Cümhuriyyətin qurulmasında ən ağır yükü çiyinlərində daşıyıb. 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində bir sıra ciddi uğurlara imza atıb. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılıb. Məhz Heydər Əliyevin müvafiq Sərəncamı əsasında 1998-ci ildən başlayaraq 26 iyun ölkəmizdə Silahlı Qüvvələr günü kimi dövlət səviyyəsində qeyd olunur. Bu bir həqiqətdir ki, milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”. Bunu  Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkilinin sözlərinə görə, Ümummilli Liderin Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi: “Dövlət başçısının 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun ölkəmizdə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Vətən müharibəsində qələbəmizdə müstəqilliyin ilk illərində Ulu Öndərin əsasın qoyduğu siyasət, sonrakı dövrlərdə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və uzaqgörən siyasət mühüm rol oynadı. Bu gün Azərbaycan dünyada ordusu nizamlı, yüksək döyüş qabiliyyətinə və müasir silahlara malik ölkələrdən biri sayılır və günü-gündən ölkəmizin hərbi qüdrəti daha da artır. Son illər Azərbaycan ordusunun əsgər və zabitlərinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də ölkəmizdə böyük işlər görülmüş, onlarla yeni hərbi şəhərcik yaradılıb. Azərbaycan ordusunun maddi-texniki bazasını daha da möhkəmləndirilib, hərbi qulluqçuların sosial müdafiəsi gücləndirilib. Bu gün orduda xidmət etmək hər bir azərbaycanlının şərəf işinə çevrilib. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır”.