Özbəkistan investorlarının Azərbaycana sərmayə yatırması sürətlənib” – Deputat

Dünən Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının Şuşada keçirilən 12-ci iclasında Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın Yenidənqurma və İnkişaf Fondu arasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması və energetika sahəsində əməkdaşlığın inkişafına dair sənədlər imzalanıb.

“Dünən Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının Şuşada keçirilən 12-ci iclasında imzalanan sənədlər arasında Azərbaycanla Özbəkistan arasında beş yüz milyon dollar dəyərində bir investisiya fondunun təsis edilməsi məsiləsi var. Bu hökumətlərarası sazişdir. Əsasən onun yaradılması iki ölkənin ticari, iqtisadi əməkdaşlığının möhkəmləndirilməsi, xarici ticarət dövriyyəsinn artırılması, həmçinin sənaye sahəsində əməkdaşlığın gücləndirilməsinə imkan yaradacaq”.

Mövzu ilə bağlı saytımıza danışan millət vəkili Vüqar İskəndərov bildirib ki, Azərbaycanvə Özbəkistan arasındakı münasibətlər son illərdə ən yüksək səviyyəyə çatıb.

“Hər iki ölkənin başçılarının səfərləri, cənab prezidentin son dövlət səfəri Özbəkistan tarixində indiyə qədər qarşılaşılan ən yüksək səviyyəli səfər adlandırılmalıdır. Bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev bildirib. Bu Azərbaycan dövlətinə və dövlət başçımıza olan böyük hörmətin təzahürü kimi qiymətləndirilməlidir”, – deyə o əlavə edib.

Millət vəkilinin sözlərinə görə, son illərdə Özbəkistan investorlarının Azərbaycana maraqları artıb, eyni vaxtda Azərbaycanlı iş adamları, investorlarının Özbəkistana sərmayələr yatırması sürətlənib:

“Bu təbii ki, iki ölkə arasındakı bütün sahələrdəki münasibətlərə yeni səhifələr açır. Düşünürük ki, birgə investisiya fondunun yaradılması hər iki ölkənin həm türk dövlətləri birliyi çərçivəsində, həm də ikitərəfli münasibətlər fonunda gələcəkdə birgə müəssisələr yaradılması, Azərbaycan və Özbəkistanda, ümumiyyətlə, beynəlxalq platformalarda, digər ölkələrdə yeni şirkətlərin yaradılması və inkişaf etdirilməsi üçün çox önəmli rol oynayacaq”.