Pakistanın Azərbaycandakı səfirliyində dövlət bayrağı qaldırıldı

Müstəqillik Günü münasibətilə Pakistanın Azərbaycandakı səfirliyində ölkənin dövlət bayrağı qaldırılıb.
Pakistan himninin müşayiəti ilə dövlət bayrağı qaldırılıb.
“Bu gün biz Pakistanın Müstəqillik Gününü qeyd edirik. Bizim üçün vacib olan bu gündə bütün liderlərimizi, yaşlı nəsli və azad Pakistan yolunda canlarını fəda edənləri yad edirik”, – Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.
Səfirin sözlərinə görə, bu gün Pakistanın çiçəklənməsi və güclü dövlətin inkişafı gənc nəslin əlindədir: “Biz birgə olduqda bütün maneələri dəf edə biləcəyik”.
B.Haye qeyd edib ki, Azərbaycanın Pakistanla müstəsna tərəfdaşlığı var: “Azərbaycanla əməkdaşlıq, xüsusən də hərbi və biznes sahəsində daha da genişlənir. Azərbaycandan Pakistana və əks istiqamətdə birbaşa uçuşların açılması ilə turizm sahəsində tərəfdaşlıq daha da dərinləşib”.