Parlamentdə görüş

 22

Milli Məclisin Böyük Britaniya parlamenti ilə əlaqələr üzrə işçi qrupu üzvlərinin  Böyük  Britaniya parlamentinin  deputatları ilə  görüşü oldu.
İqtisadi siyasət komitəsinin sədr müavini, Azərbaycan–Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Çingiz Əsədullayev  parlamentlərarası əlaqələrimizin yüksək  səviyyədə olduğunu bildirdi.  O,  son illərdə Azərbaycanda həyatın bütün sahələrində, o cümlədən iqtisadi sahədə müşahidə olunan  inkişafdan söhbət açdı. İşçi qrupun rəhbəri  Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumundan danışdı. Qeyd  olundu  ki, bütün  regionu təhdid altında saxlayan bu münaqişənin həllinə beynəlxalq ictimaiyyət laqeyd qalmamalıdır.
Görüşdə çıxış edən qrupun üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri  Səməd Seyidov iki ölkə arasındakı əlaqələrin genişləndirilməsində parlamentlərarası əlaqələrin rolundan danışdı.
Böyük Britaniya parlamentinin üzvü Toni Boldri ölkələrimiz  arasındakı dostluq əlaqələrindən məmnun olduğunu vurğuladı. Qonaq hər iki ölkə  arasında iqtisadi sahədə o cümlədən, başqa sahələrdə də əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd  etdi.
Görüşdə səmərəli əməkdaşlıq imkanları, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olundu.