Azərbaycanın rəhbərinin mövqeyi prinsipial və qətiyyətlidir – DEPUTAT

Xəbər verdiyimiz kimi, ötən gündən Laçın yolunda ermənilərin torpaqlarımızda apardıqları ekoloji terrora qarşı azərbaycanlıların aksiyası davam edir. 

Aksiya iştirakçıları gecə yatmayıblar. Əlavə çadırlar qurulur, dəstək üçün QHT təmsilçiləri bölgəyə yollanırlar.

Bu fonda Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi ilə bağlı Azərbaycan tərəfinin təzyiqləri qarşısında geri addım atmağa məcbur olduğu bildirilir. Bununla bağlı Ermənistanın “Hraparak” nəşri yazıb. Qəzetin iddiasına görə, Ermənistanın Baş naziri Qarabağdan qanunsuz erməni silahlı birləşmələrinə aid ağır hərbi texnikanın böyük bir hissəsinin çıxarılması barədə göstəriş verib.

Xalq.az xəbər verir ki, Cebhe.info-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycan tərəfinin atdığı addımlar mütləq nəticəsini verməli idi:

“Həm Ermənistan tərəfi, həm sülhməramlı missiya bilməlidir ki, Azərbaycanın rəhbərinin mövqeyi prinsipial və qətiyyətlidir. Biz məqsədimizə çatmaq üçün bütun addımları atacağıq. Yəni erməni qeyri-qanuni silahlı qüvvələrinin Qarabağdan çıxarılması əvvəldən müzakirə olunan məsələ idi və 10 noyabr razılaşması ilə tənzimlənirdi. Amma üzərindən iki il keçməsinə baxmayaraq, Ermənistan bu məsələyə dirəniş göstərirdi”. 

Deputat bildirib ki, Azərbaycanın müəyyən addımları, təzyiqlərindən sonra Ermənistan tərəfi belə bir addımı atmağa məcbur oldu:

“Təbii ki, bu dirəniş nəticəsini verməli idi. Ermənistan anlamalıdır ki, onun bir yolu var, o da münasibətlərin normallaşdırılması. Əgər Ermənistan təxribatlara davam edərsə, Azərbaycanın tələbini yerinə yetirməzsə, dövlətimiz daha sərt, daha radikal addımlar ata bilər. Azərbaycan sərt, qətiyyətli qərar qəbul etdikdən sonra artıq Ermənistan tərəfi müəyyən bəyanatlar verir. Amma bu, bizə yetərli deyil. Ermənistan Azərbaycanın bütün tələblərini, şərtlərini yerinə yetirməlidir”.