“Paşinyan növbəti dəfə kloun vəziyyətinə düşdü”

“Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri də Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmasıdır. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi uğurlu xarici siyasət ilə Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsi qismində çıxış edir”.

XALQ.AZ xəbər verir ki, bunu politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədində hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır:

“Lakin bütün bunlara baxmayaraq, Ermənistan Azərbaycanın əzəli torpaqlarını işğal edib və nəticədə bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. Bütün bu məsələləri iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində də vurğulayan cənab Prezident İlham Əliyevin hər zaman olduğu kimi tutarlı faktlarla, məntiqli arqumentlərlə çıxış etdiyi, ən əsası, əsl liderlik, siyasi xarizma və etika nümayiş etdirdiyi bir zamanda Paşinyan növbəti dəfə kloun vəziyyətinə düşdü. Əsassız fikirlər, yersiz replikaları ilə bir daha özünü rüsvay etdi.

Ramil Səfərovdan danışdığı üçün cənab Prezidentin Paşinyana Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyanı xatırlatması, belə bir mötəbər videokonfransda onu növbəti dəfə susdurması və ona sakit durmasını tövsiyə etməsi bir ölkə rəhbəri kimi Paşinyanın olmayan nüfuzundan xəbər verir”.

Ş.Həsənova vurğulayıb ki, Paşinyan nəinki tarixi faktları bilmir, o eyni zamanda pandemiya şəraitində maskanın istifadə qaydalarından da xəbərsizdir:

“Görəsən, videokonfrans zamanı maska taxan Paşinyan özünü yalan virusundanmı qoruyurdu? Koronavirusa yoluxan və sağalan Paşinyan əmin olsun ki, uğurlu xarici siyasət kursu həyata keçirən və güclənən Azərbaycan Paşinyanın yalan siyasətinə qarşı immunitet formalaşdırıb.

Bu gün qloballaşan dünyada əksər dövlət və hökumət başçıları ingilis dilində sərbəst danışarkən Ermənistanın baş naziri tədbirdəki çıxışı zamanı yenə də kağızdan oxuyurdu. Hələ bu azmış kimi ingilis dilində danışarkən beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözünü işlədir. Ermənicə çıxışında isə “Artsax” sözündən istifadə edir. Bu bir daha onu göstərir ki, onun bütün cəhdləri yalnız daxili auditoriyanı əldə tutmağa çalışmasından irəli gəlir. Bu çıxış təkcə Paşinyanın “ingilis dili səviyyəsini” yox, bütövlükdə onun “səviyyəsini” göstərdi”.