“Paşinyan Türkiyə səfəri ilə sanki bütün qaranlıq mətləblərə aydınlıq gətirirmiş kimi davranır” – Deputat

“Ermənistan hələ də sülh prosesini dəyərləndirməkdə problemlər yaşayır. Sülhdən danışsa da konkret addımlar ata bilmir. Bu da səbəbsiz deyil. Erməni ictimaiyyəti uzun illər yalan ideologiya, yalan tarix üzərində iş qurublar. Bu barədə mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev laçınlılarla görüşündə dediyi kimi İrəvan saxtakarlığa əl atmasa və mövqeyini yenidən dəyişməsə, yaxın vaxtlarda Ermənistanla sülh müqaviləsi imzalana bilər. Amma çox təəssüf ki, Ermənistan sülhdən çox müharibəyə meyllidir. “İndi Ermənistan ərazi bütövlüyümüzü tanıdığına görə, sülh müqaviləsi üçün faktiki olaraq heç bir ciddi maneə yoxdur”, – deyə Prezident əlavə edib”.

Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, dövlət başçımızın dediyi kimi, sülh müqaviləsi beynəlxalq şərtlərə əsaslanmalıdır: “Paşinyan Türkiyə səfəri ilə sanki bütün qaranlıq mətləblərə aydınlıq gətitirmiş kimi davranır. Onun Türkiyə Prezidentinin səlahiyyətlərinə rəsmən başlaması ilə bağlı tədbirinə Paşinyanın qatılması bu anlama gəlir ki, sanki Ermənistan rəhbərliyi regiondakı yeni düzənə tabe olur, yeni münasibətlərə, yeni yol xəritəsinə razılıq ifadə edir. Prezident İlham Əliyevlə Paşinyanın ayaqüstü görüşündə yaşananlar da diqqətçəkicidir.

Qalib bir ölkənin Lideri ilə görüşün nə qədər ağır olduğunu məğlub ölkənin başçısı daha yaxşı bilər. Belə başa düşmək olar ki, Paşinyanın Türkiyəyə səfəri daha çox Ermənistanın yox olmaq təhlükəsindən qorumağa hesablanmışdı. Beynəlxalq hüququn Azərbaycanın yanında olduğunu erməni lider kifayət qədər yaxşı dərk edir və öz xalqının ondan tələbinin də fərqindədir. Amma dünya birliyinin təzyiqini dəf etməyə ermənilərin mental etirazının lazımi effekt verə bilmədiyini də anlayır. Beləliklə, erməni lider Türkiyə səfərindən lazımi “dərs” götürə bildimi, sualı hələ də açıq qalır. Bunu yaxın tarixdə baş verəcək hadisələrdə sonra daha dəqiq cavablandıra bilərik”.