Paytaxt girişində yeni yol

Yol-2

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132-192-ci kilometrlik hissəsində 1b texniki dərəcəli yeni yolun tikintisi davam etdirilir.

Nəqliyyat Nazirliyi” Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, Şabran rayonunun Gəndov qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək uzanacaq yolun uzunluğu 60 km olacaq.

“Layihəyə əsasən 8 yolötürücüsü, 15 körpü, kəndlərarası yollarda keçid məqsədilə 16 düzbucaqlı boru olacaq. Yolda beynəlxalaq qaz və neft boruları üzərində 7 yükgötürücü qurğu, 280 yerdə müxtəlif diametrli borular keçəcək. Həmçinin ərazidə dəmir-beton qurğuların quraşdırılması nəzərdə tutulub”, – deyə Pünhan Mürsəliyev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, yol boyu torpaq işlərinin 80 faizi yerinə yetirilib. Yolun 8 km məsafədə 2 qat asfalt-beton örtük döşənib, suötürücü boru və qurğuların 90 faizi tikilib. Hazırda tikinti işləri tərtib olunmuş qrafik əsasında davam etdirilir.

“2 hərəkət zolaqlı mövcud Bakı-Rusiya avtomobil yolunun alternativ variantı olacaq. Bu layəhə başa çatdıqdan sonra həmin istiqamətdə 16 km məsafəni qısaltmaqla yanaşı, nəqliyyat vasitələrinin fasiləsiz, maneəsiz və sürətli hərəkətini təmin edəcək”, – deyə P.Mürsəliyev əlavə edib.