Paytaxt sakinindən tapança götürülüb

Tapanca

Respublikanın daxili işlər orqanları tərəfindən ötən bir gün ərzində 62 cinayət faktı qeydə alınıb ki, onların da 21-i “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələrilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Eyni zamanda respublikanın avtomobil yollarında baş vermiş 10 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər dünyasını dəyişib, 22 nəfər isə xəsarət alıb. Nazirliyin qeydiyyatını apardığı operativ tədbirlərdən biri Binəqədi polisinin adı ilə bağlıdır.

XALQ.AZ-ın mlumatına görə, Bakının Binəqədi rayonunda silahlı şəxs saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin və 4-cü polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Bakı şəhər sakini Zeynal Kərimov saxlanılıb. Polis orqanına gətirilən Kərimovun üzərindən “Makarov” markalı tapança götürülüb. Bundan əlavə saxlanılan şəxsdən həmin silaha aid 2 ədəd güllə darağı və 11 ədəd güllə müsadirə edilib.

Faktla bağlı rayon polis idarəsində cinayət işi başlanılıb. Zeynal Kərimovdan müsadirə edilən silahın hansısa cinayətdə istifadə edilib-edilmədiyini müəyyən etmək üçün tapança kriminalistik ekspertizaya göndərilib.