Paytaxtda yeni bulvar salınacaq

 

53

Sakinlərin istirahəti üçün bütün lazımi şərait yaradılacaq.

Azərbaycanın Pirallahı rayonunun perspektiv inkişaf planına əsasən, Pirallahı qəsəbəsində sahil xətti boyunca bir çox sahələrdə mövcud olan antisanitar vəziyyət aradan qaldırılıb.

Xalq.az AzərTAc-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətindən verilən məlumata görə, bu əraziləri abadlaşdırmaq və sakinlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub.

Hazırda bu istiqamətdə müvafiq işlər görülməkdədir. Səməd Vurğun küçəsində yerləşən, sahəsi 50 hektar olacaq parkın dənizə baxan hissəsində artıq işlərə başlanılıb.

Yeni salınacaq dənizkənarı bulvarda sakinlərin istirahəti üçün bütün lazımi şərait yaradılacaq. Hazırda dənizkənarı bulvar və yeni salınan parkın ərazisinə düşən lüzumsuz və qeyri-qanuni çəpərləmələr və köhnə taxta hasarlar sökülür.

Eyni zamanda, köhnə dəmir yolu stansiyalarının istismara yararsız binalarının sökülərək yerlərinin abadlaşdırılması və yaşıllıqların salınması işləri davam edir.